Prezident İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək"
Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, qlobal proyektlərin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Balanslaşdırılmış xarici siyasət strategiyası kimi rəsmiləşdirilmiş bu kursun banisi isə Ümummilli Lider Heydər Əliyevdir. Məhz müstəqilliyimiz bərpa olunduqdan sonra digər sahələrdə olduğu kimi, diplomatiyamız da əldə etdiyi uğurlara görə Ümummilli Lider Heydər Əliyevə borcludur. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirib.
2003-cü ildən sonra prezident seçilən Cənab İlham Əliyev xarici siyasətin prioritet istiqamətlərini daha da şaxələndirdi və Azərbaycan qlobal aktor olmaqla, Latın Amerikasına da diplomatik jest etdi. Xarici siyasətdə "hücum taktikasını" önə çəkən Prezident İlham Əliyev diplomatik qələbələrin mühüm formulunu diqqətə çatdırdı. Bu mənada, hazırda müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadi imkanlarımızın və hərbi qüdrətimizin artırılması, sosial rifahımızın yaxşılaşdırılmasına yönəlmiş xarici siyasət strategiyamız çevik və qətiyyətlə həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılıb. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlayıb. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Xarici siyasətimizin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin istiqamətində - Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran əsas məsələ olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün münaqişənin həlli üzrə aparılan danışıqların predmeti olmadığı birmənalı olaraq bütün görüşlərdə tərəf-müqabillərimizin diqqətinə çatdırılıb. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, aparılmış etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qovulmuş soydaşlarımızın geri qayıtması üçün zəruri diplomatik və hüquqi əsasların yaradılması istiqamətində aparılan işlər daha da genişləndirilib.
Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 15 ştatında - Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilib, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilib.
Eyni zamanda, Azərbaycanın səyləri ilə BMT-nin "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya"sı çərçivəsində Ermənistan ərazisində yeni "Metsamor" nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilib və Konvensiyanın implementasiya komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilib. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında Espoo Konvensiyası üzrə yekun qərar qəbul edilib.
Bundan başqa, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən iki illik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak edib. Bu iki il ərzində Azərbaycan iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik edib və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil edib. 2012-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası keçirilib və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilib.
2013-cü ilin oktyabrından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclası təşkil edilib. Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunub. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilib və Afrika Birliyinin BMT Təhlükəsizlik Şurası ilə birgə tədbirləri həyata keçirilib.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirib. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynayıb.
İkitərəfli əsasda həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın qonşu dost dövlətlərlə əməkdaşlığı daha da dərinləşib, Uzaq Şərq, Cənub və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri inkişaf edib, Latın Amerikası və Afrika regionlarında tərəfdaşlarının sayı artıb. Elə bu kontekstdə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə səfərlərinin asanlaşdırılması və konsulluq sahəsində əməkdaşlığın genişləndirilməsi çərçivəsində aparılmış işlər nəticəsində bir sıra ölkələrlə, o cümlədən Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalanıb.
Bir sözlə, Azərbaycan Respublikasının xarici əlaqələri daha da genişlənir və ölkəmiz beynəlxalq birliyin mühüm aktoruna çevrilib. Prezident İlham Əliyevin sözlərilə desək, xarici siyasətimiz daxili siyasətimizin davamıdır və bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir: "Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək".
"Səs" Analitik Qrupu