Bu gün Azərbaycan Respublikasının diplomatik xidmətinin yaradılmasının 95-ci ili tamam olur. SİA-nın məlumatına görə, məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi Katibliyinin yaradılmasına dair qərarın qəbul edilməsi dövlətimizin peşəkar diplomatik xidmətinin başlanğıcı hesab olunur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verən Ulu Öndər Heydər Əliyev diplomatiyamızın sağlam əsaslara söykənməsinə daim diqqət və qayğı göstərib.
Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı günü elan edilib. Bu, Prezidentin Azərbaycan diplomatiyasına və diplomatlarına diqqət və qayğısının bariz nümunəsidir.
Azərbaycan xarici işlər nazirliyinin əməkdaşları nazir Elmar Məmmədyarov başda olmaqla bu gün peşə bayramları münasibətilə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn xarici işlər nazirliyinin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
yap.org.az