Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanışlıq görüşü təşkil edilib. Sia-nın məlumatına görə, görüşün təşkilində məqsəd qonaqların "ASAN xidmət" və bununla əlaqədar olan son yeniliklər barədə məlumatlandırılmasıdır. Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı jurnalistlərə müsahibəsində Azərbaycanın İsveçrə ilə münasibətləri bu gün özünün yüksəliş dövrünü yaşadığını bildirib: "Son illərdə qarşılıqlı səfərlərə baxsaq, iyun ayında İsveçrə prezidenti Didye Burkhalter 2 dəfə Azərbaycana səfər edib. Didye Burkhalter ATƏT PA-nın Bakıda keçirilən yay sessiyasına açılış tədbirində çıxış edib. Keçən il İsveçrə parlamentinin sədri Azərbaycanda səfərdə olub. Bu il iyun ayının 26-da Isveçrədə hökumətlərarası komissiyanın iclası keçirilib". Səfirin sözlərinə görə, İsveçrə- Azərbaycan münasibətlərində formalaşmış ciddi siyasi dialoq iqtisadi sahədə əlaqələr üçün də əhəmiyyət kəsb edir: "Mədəni və humanitar sahədə əlaqələr bu siyasi etimadın üzərində qurulur. Bu gün Azərbaycanda 81 İsveçrə şirkəti fəaliyyət göstərir. "Ştabler" dünyada metro, vaqon istehsalı üzrə məşhur şirkətdir. Azərbaycanda da bu sahədə şirkətin layihəsi var, birgə əməkdaşlqı etmək istəyirik".Ə. Zeynallı qeyd edib ki, bu əməkdaşlıq birtərəfli deyil. Təkcə İsveçrə şirkətləri Azərbaycan sərmaye qoymur. Artıq Azərbaycan özü də xarici şirkətlərə sərmaye yatırır: " ARDNŞ bir neçə ölkədə sərmaye yatırıb. Socar brendi altında İsveçrədə 160 –dan çox yanacaq doldurma məntəqələri fəaliyyət göstərir. Azərbaycan artıq İsveçrə də tanınır. Mədəniyyət sahəsində də bizim böyük uğurlarımız var. Socar dünyada caz musiqisi sahəsində ən məşhur festival olan "Martino" festivalının ünsürlərindən biridir". Səfir bu münasibətlərin intennsivliyinin iki ölkə arasında aviareysin açılmasını zəruri etdiyini vurğulayıb : "Artıq Azərbaycan hava yolları şirkəti Cenevrə şəhərinə birbaşa uçuşlar həyata keçirəcək. İyul ayının 11-də ilk reys reallaşacaq. Cümə və bazar günləri Bakı və Cenevrə arasında birbaşa aviareys olacaq". Onun sözlərinə görə, diplomatik və xidməti pasportlarla bağlı vizalar, azad gediş-gəlişlə əlaqədar danışıqları bitib. Saziş imzalanma mərhələsindədir, yaxın zamanlarda imzalanacaq".O həmçinin, ki ölkə arasında ticarət dövriyyəsinin 400 milyon ABŞ dolları təşkil etdiyini də söyləyib.Diasporanın fəaliyyətindən danışan səfir son zamanlar bu sahədə ciddi irəliləyişin olduğunu bildirib: "Bizim bu gün İsveçrədə 2 diaspora təşkilatımız fəaliyyət göstərir: İsveçrədə azərbaycanlıların mədəniyyət mərkəzi, İsveçrədə azərbaycanlıların dostları. Hər ikisi çox fəal qurumlardır.İsveçrədəki Azərbaycan diasporası çox nümunəvi diaspora hesab olunmalıdır. Bütün milli bayramlarımız diaspora və səfirliyin təşkilatçılığı ilə həyata keçirilir".O, həmçinin bildirib ki, İsveçrə miqrasiya xidmətinin verdiyi məlumata görə, bu ölkədə təxminən 1000 nəfər azərbaycanlı yaşayır: " 200-dən çox azərbaycanlı tələbə oxuyur, Prezident tərəfindən qəbul edilmiş dövlət proqramına əsasən nüfuzlu universitetlərdə kifayət qədər azərbaycanlı təhsil alır".
sia.az