Bu gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 3 saylı Bakı "ASAN xidmət" mərkəzi ilə tanışlıq görüşü təşkil edilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin Macarıstana və digər yüksək səviyyəli səfərlərin gündəmdə olduğunu bildirib: "Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz Macarıstan parlamenti qarşısında erməni vəhşilikləri və Xocalı faciəsinin tanınması ilə bağlı iki dəfə məsələ qaldırmışıq. Təəssüf ki, bu məsələ komissiya iclasından o tərəfə getməyib. Bildiyiniz kimi, Macarıstanda erməni lobbisi güclüdür və onlar rəsmi 13 milli azlıqdan biri sayılır. Onlar bizə davamlı olaraq mane olmağa çalışsalar da, son illərdə bizim haqq işimizi, düzgün mövqeyimizi dəstəkləyənlərin sayı artmaqdadır. Çalışırıq ki, Azərbaycanın son 20 il müddətində keçdiyi inkişafı göstərmək istəyirik. Əsas məqsədimiz Azərbaycana qarşı ermənilər tərəfindən böhtan xarakterli çıxışların qarşısını almaqdır. Macarıstan ictimaiyyəti ilə əlaqələrin inkişafı bizim üçün önəm daşıyır. Oradakı diasporumuzun və səfirliyimizin də fəaliyyəti bu istiqamətə yönəlib".Səfir həmçinin hazırda elmi-mədəni sahədə münasibətlərin də çox inkişaf etdiyini bildirib: "Macarıstanın ali tədris ocaqlarında mədəniyyətimizin, dilimizin və ədəbiyyatımızın təbliği istiqamətində işlər davam etdirilir. Artıq 24 macar vətəndaşı səfirliyin dəstəyi ilə Azərbaycan dilini öyrənib. Bundan başqa, Macarıstan hökuməti ilə əldə etdiyimiz razılaşmaya görə, bu ölkənin hökuməti Azərbaycandan olan 200 tələbənin müxtəlif ixtisaslar üzrə və təqaüdlə təhsil almasına vəsait ayıracaq. Bu ildən etibarən Macarıstanda təhsil alan gənclərimizin sayını daha da artıra biləcəyik".
sia.az