Əli Əhmədov ABŞ səfirinin açıqlamasına münasibət bildirdi
"Azərbaycanın mövqeyi Ermənistan ordusunun bütövlükdə işğal olunmuş ərazilərdən çıxarılmasından ibarətdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.Azərbaycan Prezidenti İlham Əliyevin fikrini xatırladan Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti ola bilməz: "Təbii ki, məsələyə yanaşma da yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində mümkün ola bilər. Ərazi bütövlüyünün bərpası müxtəlif konseptual yanaşmalar nəticəsində mümkündür. Kimlərsə bunun mərhələli həllini təklif edir, kimlərsə paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə bəyan edib".Baş nazirin müavini hesab edir ki, yanaşmaların hansının qəbul olunmasından asılı olmayaraq, münaqişənin bütövlükdə və son nizama salınması Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarət ola biləcək. 7 rayonun qaytarılması məsələsinə bu cür yanaşma olacaqsa, bu, bütövlükdə Azərbaycanın əraiz bütövlüyünün təmin edilməsinin bir mərhələsi hesab olunmalıdır".
sia.az