PDF Oxu

Siyasət

  • 33

"45 il öncə başlanan milli intibah"

"45 il öncə başlanan milli intibah"

Nizami rayonunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə bu mövzuda tədbir keçirilib

Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin akt zalında Ümummilli Lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə "45 il öncə başlanan milli intibah" adlı tədbir keçirilib. Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvü, "Tibbi profilaktika" ərazi ilk partiya təşkilatının sədri Akif Əlibəyov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə respublikamızın iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib, ölkə sürətli inkişaf mərhələsinə qədəm qoyub. O bildirib ki, məhz həmin tarixdən sonra ölkədə vəziyyət yaxşılaşmağa başlamış, iqtisadi inkişaf nəzərə çarpıb, milli kadrların hazırlanması işinə diqqət artırılıb.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bugünkü qüdrətli, müstəqil Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin şah əsəri olduğunu bildirib. Natiq qeyd edib ki, hazırda müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevrilib:"Artıq respublikamızın özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır. Bu gün Azərbaycanın regionda aparıcı söz sahibi olması və ölkəmizin dünyanın lider dövlətləri ilə bir sırada durması Dahi Rəhbər Heydər Əliyev siyasətinin təntənəsidir".

Tədbirdə çıxış edən Süleyman Məmmədov, Afaq Əliyeva, Ziyəddin Kazımov və başqaları qeyd ediblər ki, 1969-cu ildən sonra Azərbaycanda quruculuq işləri aparılıb, ölkəmiz Sovet İttifaqının qabaqcıl respublikaları sırasına yüksəlib. Qeyd olunub ki, Böyük Şəxsiyyət 1993-cü ildə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçib, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlayıb. Çıxış edənlər onu da diqqətə çatdırıblar ki, bu gün Azərbaycanın iqtisadi, siyasi, elmi, hərbi, mədəni, ictimai və sosial sahələrdə sahib olduğu yüksək potensial ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılıb. Dünya şöhrətli Siyasi Xadimin uğurlu siyasətini layiqincə davam etdirən Prezident Cənab İlham Əliyevin gərgin səyi nəticəsində isə bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər