Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Xəlil Zeynallının "O, qəhrəman doğulmuşdu" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nln məlumatına görə, kitabda İbad Hüseynovun hərbi fəaliyyət dövrü əks olunub.Tədbiri çıxış edən Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə və Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, şair-publisist Əli Aslanov, "Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi" MMC-nin şöbə rəisi Arzuman Kosayev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəyli kitabın əhəmiyyətdən və gənclər üçün bu kitabın əvəzsiz əsər olduğundan danışıblar. Vurğulanıb ki, bu kimi kitablardan daha çox dərc olunmalı və xaricdə də təbliğ olunmalıdır. Qeyd edilib ki, kitab səlis dildə yazılmaqla bərabər, öz orijinallığı ilə seçilir.Kitabın redaktoru Gülşən Behbud deyib ki, bu gün ilk kitabı "O, qəhrəman doğulmuşdu" adı ilə oxucuların görüşünə gələn Xəlil Zeynallı da ədəbiyyata olan ürək yanğısı və tükənməz qələmi ilə qəlbinin pıçıltılarını yazıb: "Zeynal Xəlil yazıçı deyil, amma yaşadıqları, şahidi olduqları gerçəkləri qələmə almaq, çoxlarının bu əfsanələşən gerçəkləri bilməsi üçünmü əlinə qələm aldı?.. yox Tanrının ona bəxş etdiyi ruh saflığı, zəngin könül dünyası, daxili vətənpərvərliyi, Vətən sevgisi olmasaydı təbii ki, əlinə qələm ala bilməzdi. Azərbaycan və Ermənistan arasında başlanan tarixi hadisələr hər kəsə bəllidir. Qərbi Azərbaycanlı olaraq 1988-ci illərdə yurd-yuvasından didərgin düşən həmvətənlərimizdən olan Xəlil Zeynallı o acıların canlı şahidi olub və bu gün də unuda bilmir. Diqqətə çatdırlıb ki, əsərin qəhrəmanı, Türk Dünyasının qəhrəman oğlu, sağlamlığını Vətən, torpaq yolunda itirmiş, yurd düşgünü, vətənsevdalısı İbad Hüseynliyə həsr olunub. O, İbad Hüseynli ki, həyat yolunu vərəqləyərkən ruhumuzu titrədən, damarımızda qanımızı donduran, iliklərimizə işləyən nağıllaşan, tanıyanların hər birinin xatirində fərqliliyi, qeyri-adiliyi ilə iz salan əfsanələşən bir igid. Xəlil Zeynallının qələmə aldığı maraalı və həyəcan dolu anlar isə İbad Hüseynlinin hərbi xidmətdə olduğu zaman baş verən gerçəkliklərdir".Daha sonra qəhrəman İbad Hüseynovun hərbi xidmətdəki şücaətini əks etdirən video-slayd nümayiş olunub.
sia.az