İyulun 10-da Heydər Əliyev Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasının 45-ci ildönümünə həsr olunmuş "Milli istiqlalın və intibahın başlandığı gün" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan YAP Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərov "Ümummillli lider Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü" mövzusunda məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrü respublikanın sosial-iqtisadi böhrandan sürətlə intibah mərhələsinə keçid mərhələsi kimi xarakterizə olunur. Müstəqillik illərində ölkənin siyasi olimpindəki on illik - 1993-2003-cü illərdəki fəaliyyət mərhələsi isə müasir dünyanın siyasi xəritəsində müstəqil Azərbaycan Respublikasının mövqelərinin möhkəmləndirilməsi dövrü olmuşdur. Hər iki mərhələdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına da ölkəmizin ümumi inkişaf potensialından böyük pay düşmüş, onun bir sıra tarixi-siyasi və tarixi-coğrafi amillərlə bağlı olan muxtariyyət statusu daha da möhkəmlənmişdir.
E. Cəfərov qeyd etmişdir ki, Naxçıvanın blokadaya salındığı, ermənilərin hərbi təcavüzünün daha da geniş miqyas aldığı, mərkəzi hakimiyyətin qədim diyara ögey münasibət bəslədiyi bir dövrdə muxtar respublikanın tarixi taleyində dönüş nöqtəsi olan mühüm hadisə baş verdi - 1990-cı ilin iyul ayının 22-də ümummilli liderimiz Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Bu, Vətənin məşəqqətli və böhranlı günlərində xalqla bir yerdə olmaq inamının ifadəsinə və tarixi zərurətin təntənəsinə çevrildi.
"Müstəqilliyimizin ilk illərində Naxçıvanı düşdüyü ağır blokada vəziyyətindən və ermənilərin qəsbkarlıq planlarından qurtarmaq üçün Ulu Öndər muxtariyyət statusunun verdiyi səlahiyyətlərdən istifadə edərək 1992-ci il martın 24-də qonşu Türkiyə və həmin il avqustun 24-də İran ilə sosial-iqtisadi, ticarət və mədəni əlaqələri inkişaf etdirmək sahəsində müqavilələr imzalamış, demək olar ki, elektrik enerjisindən tam məhrum olmuş muxtar respublikaya bu ölkələrdən elektrik xətləri çəkilmiş və enerji verilməsinə başlanmışdır", - deyən YAP Naxçıvan şəhər təşkilatının sədri onu da əlavə etmişdir ki, ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən, ABŞ Konqresinin 1992-ci ilin oktyabrında Azərbaycana münasibətdə məşhur "Azadlığı müdafiə aktı"na bədnam 907-ci düzəlişi tətbiq etdiyi bir vaxtda, ABŞ-ın keçmiş prezidenti Bill Klintonun Naxçıvana humanitar yardım göstərmək barədə qərar qəbul etməsinə nail olmuşdur.
"Ümummilli lider Heydər Əliyev və milli ideya" mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, Əməkdar Elm Xadimi Hüseyn Həşimli demişdir ki, Ulu Öndər hələ respublikamıza birinci rəhbərliyi dövründə milli ideyanın cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdır. Azər¬bay¬can tarixi¬nin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərin¬dən öyrənil¬mə¬si, təbliği, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, milli şüurun dir¬çəlişi, ümu¬mən bütün sahələrdə azərbaycançılıq ideologiyasının möhkəm, eti¬barlı baza¬¬sı¬nın formalaşdırılması yönündə qətiyyətli tədbirlər məhz Ümummilli Liderin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdır.
YAP Naxçıvan şəhər təşkilatı sədrinin müavini, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev "Ulu öndər Heydər Əliyev və Azərbaycanın istiqlal məfkurəsi" mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycanın müstəqilliyinin siyasi-hüquqi, sosial-iqtisadi və mənəvi-psixoloji bazası Heydər Əliyev tərəfindən faktiki olaraq XX əsrin 70-80-ci illərində qoyulmuşdur. "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir " sözlərinin müəllifi olan Ümummilli Liderimiz 1978-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi ayrıca maddə şəklində salınmasına nail olmuşdur. Bu isə gələcək müstəqil dövlətin atributlarından biri idi.
Qeyd edilmişdir ki, məhz 1969-cu il iyulun 14-dən sonra tariximizin unudulmuş səhifə¬lə¬¬rinin üzə çıxarılması, onları əks etdirən elmi və bədii əsərlərin yazılması, film¬lərin çəkilməsi, bütün sahələr üzrə milli kadrların hazırlanması və digər məsələlərlə bağlı böyük iş¬lər görülmüş, milli ruhlu ziyalıların fəaliyyəti üçün müvafiq şərait yaradılmışdır. Bütün bunlar gələcəkdə qurulmalı olan müstəqil Azərbaycan Respublikasının ideoloji dayaqlarının formalaşmasına xidmət edirdi.
Elmi-praktik konfransın sonunda iştirakçılar ümummilli lider Heydər Əliyevin həyatına və dövlətçilik fəaliyyətinə həsr olunmuş filmə baxmışlar.
AzərTAc