PDF Oxu

Siyasət

  • 40

Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar

Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar

(Əvvəli ötən sayımızda)

Ramazan ayında oruc tutmaq islamın beş şərtindən biridir. Oruc, niyyət edərək dan yeri ağarandan günəş batınca yeməmək, içməmək və cinsi əlaqədə olmamaq şərti ilə yerinə yetirilən ibadətdir. Peyğəmbərimiz oruc tutanlar üçün bu müjdəni verir: "Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar"(əl-Buhari, hədis. 7).

Oruc ancaq Allah rizası üçün tutulur və bu ən gözəl iradə tərbiyəsidir. "Oruc mənim üçündür, onun mükafatını da özüm verəcəyəm".

Xəstəliklərin dərmanı - Oruc

Bir qədər Ramazanın oruc tutanlara nə kimi faydalarının toxunduğunu öyrənək. Oruc tutmaq həqiqətdə bədən üçün tam istirahət və insan orqanizminin paklanması, təmizlənməsi deməkdir. İnsanın ürəyi bir an işləyib, bir an istirahət etdiyi kimi bədənin də 11 ay davamlı işlədikdən sonra bir aylıq istirahətə ehtiyacı var. İlk növbədə, oruc tutmaq insan orqanizminin bir sıra xəstəliklərdən qurtulması deməkdir. Yəni müasir tibb elmi sübuta yetirib ki, oruc tutarkən qida rejimi vasitəsilə bədəndəki artıq yağlar həzm olunur, uyğunsuz və zərərli köklük azalır, bel oynaqlarına, aşağı əzalara düşən təzyiq, dalaq, ürək, qan-damar və ifrazat sistemində tənzimlənmə yaranır, bədənin immun sistemi "hazır ol" durumuna gəlir, güclənir və tənzimlənir. Həkimlərin qənaətincə, 70-dən yuxarı xəstəlik yemək-içməkdə diqqətsizlikdən yaranır. Bu xəstəliklərin qarşısını almağın ən yaxşı yolu qida rejiminə əməl etmək və xüsusilə oruc tutmaqdır.

Tibb elminin əsaslı nailiyyətləri göstərir ki, oruc tutduqda bədəndə öz adi həddindən çox olan maddələr yaranır. Məhz bu maddələr mikrob və virus infeksiyalarının qarşısını almaqda, xərçəng hüceyrələrinin məhvində böyük rol oynayır. Məhəmməd salavatullah bir hədisdə bildirir: "Oruc tutun ki, sağlam olasınız".

Orqanizmdə şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut ediblər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr fəallaşır, insanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.

Mənəvi saflaşma

Orucun mənəvi əhəmiyyəti müqayisəyəgəlməz dərəcə böyükdür. Bu müstəvidə danışarkən qeyd etməliyik ki, oruc insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçir. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünür və Onu daha yaxından tanıyır.

Kamilləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl, o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. Bu mənada oruc bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir. Hədislərdən birində Peyğəmbərimiz buyurur: "Hər şeyin zəkatı olduğu kimi, bədənin də zəkatı orucdur".

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susadığı vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır. Peyğəmbər salavatullah hədislərdən birində belə buyurub: "Oruc tutan öz yatağında yatsa belə, müsəlmanın qeybətini etməyincə, Allaha ibadət halındadır".

İlahiyyətçilərin fikrincə, oruc - cisimlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurub ki, "Ramazan orucu cəhənnəm alovu qarşısında sipərdir". Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun.

Ramazan ayının 13-cü gününün duası: Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar və səbbirni fihi əla kainatil-əqdar və vəffiqni fihi littuqa və sohbətil-əbrar biaunikə ya qurrətə əynil-məsakin!

Allahım məni bu ayda çirkinlik və murdarlıqdan paklaşdır, məni Sənin təqdirlərinin olmalılarına səbirli et, məni pərhizkar olmağa və yaxşı insanlarla yoldaşlıq etməyə nail et köməyinə xatir, ey aciz qalmışların yeganə ümid yeri!

İmsak: 04:20

İftar: 21:38

(Ardı var)

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər