Yaxın 5 ildə Azərbaycana gələn turistlərin sayı 2,5 milyondan 4 milyona çatdırılacaq
Bu gün Azərbaycanda bütün sahələr, o cümlədən turizm sektoru özünün sürətli inkişaf dövrünü yaşayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf konsepsiyası turizm sahəsində də böyük nailiyyətlərə yol açıb. Regionların sosial-iqtisadi inkişafına dair məlum dövlət proqramları ölkədə turizm sektorunun inkişafı istiqamətində böyük layihələrin həyata keçirilməsinə şərait yaradıb.
Azərbaycanda turizm sektoru dinamik olaraq inkişaf etdirilir. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcı oldu. Məlum Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verib. Turizmin inkişaf etdirilməsi ilə bağlı qəbul olunan Dövlət Proqramına əsasən, beş il ərzində Azərbaycanda mövcud olan potensialdan istifadə edilərək ölkənin turizm sənayesi beynəlxalq səviyyədə qurulub. İstirahət üçün yararlı olan rayonlardakı turizm mərkəzləri istifadəyə verilib. Turizm istirahət mərkəzlərinin yaradılması, muzeylərin fəaliyyətinin canlandırılması, xatirə-memorial və memarlıq komplekslərinin, tarixi abidələrin qorunub saxlanılması istiqamətində ardıcıl işlər görülüb. Dövlət başçısının diqqət və qayğısı yol infrastrukturunun təzələnməsinə, şəhər və kəndlərin abadlaşdırılmasına şərait yaradıb. Artıq turistləri ölkəmizə cəlb olunması məqsədi ilə ölkəmizə səfər edən şəxslərin sayının artırılması üçün onlara göstərilən xidmətini keyfiyyəti də yaxşılaşdırılıb. Bu xidmət sahəsində çalışanların peşəkarlıq səviyyəsi artırılıb. Turizmin inkişafı iqtisadiyyatın yüksəlişində, yerli əhalinin məşğulluğunun artmasında, insanların maddi-rifah halının yaxşılaşdırılmasında da böyük əhəmiyyət kəsb edir. Artıq ölkəmizdə 4-5 ulduzlu mehmanxanaların sayı kifayət qədərdir. Bu və ya digər amillər turizm sənayesinin inkişafında özünəməxsus rola malikdir. Bütün bunlar Azərbaycana gələn turistlərin sayının artmasından xəbər verir. Bu artım statistik rəqəmlərlə bu artıq daha aydın görünür. 2001-ci ildə Azərbaycan 400 min turist qəbul etmişdisə, hazırda bu rəqəm 2,5 milyonu ötüb. Bu gün bu sahədə duran əsas məqsəd növbəti isə 5 ildə Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırmaqdır.
Azərbaycan turizm imkanları dünya miqyasında təbliğ olunur. Dünya ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində iştirak edən Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında reklam çarxları yayımlanır. Bu yaxınlarda İkinci Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi də turizmin inkişafında əhəmiyyəlidir. Əvvəlkindən coğrafiyasının və proqramının genişliyi ilə seçilən festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək idi. Festivalda, eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi qarşısına məqsəd qoymuşdur ki, bu məqsədə də nail olundu.
Bu günlərdə isə mədəniyyət və turizm nazirliyinin sifarişi və dəstəyi ilə "Gələrsən, görərsən" adlı televiziya layihəsinə start verilib. Layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları ilə bağlı aparılan çəkilişlər İctimai Televiziyada yayımlanacaq. Bu televiziya layihəsi Azərbaycanın regionlarının paytaxt sakinlərinə və qonaqlara tanıdılması baxımından çox uğurlu olacaqdır.
Göründüyü kimi, ölkəmizdə turizm sektoruna göstərilən diqqət və qayğı bu sahənin dinamik və sürətli inkişafını təmin edib. Bu diqqət və qayğı getdikcə gözəlləşən, müasirləşən, özünün əsrarəngiz təbiəti ilə göz oxşayan, tarixi abidələri ilə diqqəti cəlb edən Azərbaycanı məşhur turizm zonasına çevirib.
Nəzakət ƏLƏDDİNQIZI