PDF Oxu

Siyasət

  • 22

YAP Gəncə şəhər təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olunub

YAP Gəncə şəhər təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis olunub

Gəncədə 3 saylı körpələr evi- uşaq bağçasında YAP ərazi ilk partiya təşkilatının təsis yığıncağı keçirilib. Yığıncaqda YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər təşkilatının qadınlar şurasının sədr müavini Flora Zeynalova və təşkilatın məsul işçiləri iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək qeyd edib ki, şəhər təşkilatının idarə heyəti körpələr evində çalışan YAP üzvü olan tərbiyəçi müəllim və işçilərin müraciətini nəzərə alaraq, burada da ərazi ilk partiya təşkilatının təsis olunması ilə bağlı yığıncaq keçiririk: "Partiya və dövlətimiz uşaqların tərbiyəsinə, sağlam böyüməsinə hər zaman böyük önəm verir və fidan balalarımızın millətə, dövlətə, xalqa, Vətənə bağlılığını, milli-mənəvi dəyərlərimizə hörmət bəsləməsini, onların əsil vətənpərvərlər kimi böyüməsini əsas tutur. Dövlət başçısı, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, şəhərimizdə də son illər uşaq bağçaları əsaslı təmir edilib, ən müasir avadanlıqlarla təchiz olunub. Bu proses hazırda uğurla davam etdirilir. Bu baxımdan da partiya fəallarının müraciətini nəzərə alaraq bağçada ilk ərazi təşkilatının yaranması məqsədəuyğundur".

Yığıncaqda iştirak edən fəallardan Aynur Tağıyeva, Güldanə Məhərrəmova, Vüsalə Avşarova çıxış edərək, müəssisənin müdiri Gülarə Ağayevanın şəhərin ictimai-siyasi həyatında, Yeni Azərbaycan Partiyasının işlərində fəal iştirak etdiyini vurğulayaraq, ərazi ilk partiya təşkilatının sədrliyinə onun namizədliyini irəli sürüblər. Təklif yekdilliklə qəbul olunub və Gülarə Ağayeva 3 saylı körpələr evi- uşaq bağçası ərazi ilk partiya təşkilatının sədri seçilib.

YAP Gəncə şəhər təşkilatı qadınlar şurasının sədr müavini Flora Zeynalova, ideoloji şöbənin müdiri Hüseyn Budaqov və başqaları ölkə Prezidenti İlham Əliyevin, eyni zamanda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi qayğıya və şəhərimizdə uşaq bağçalarında yaradılmış yüksək təminatlı şəraitə görə minnətdarlıq ediblər. Uşaq tərbiyə müəssisələrində çalışan partiya üzvlərinə daha fəal olmağı, ən yeni təlim-tərbiyə metodlarına yiyələnməklə, uşaqların sağlam ruhda böyüdülməsi yolunda əzmkarlıqa çalışmalarını tövsiyə ediblər. Bildiriblər ki, ərazi təşkilatının sədri və üzvləri valideynlərlə əlaqəni gücləndirməli, Vətənimizin parlaq gələcəyi naminə, dövlətçilik ənənələri ətrafında sıx birləşmək üçün onların arasında təbliğat işlərini genişləndirməlidirlər.

Yığıncağın sonunda YAP sıralarına yeni qəbul edilənlərə üzvlük vəsiqələri təqdim olunub.

R.NURƏDDİNOĞLU

Digər xəbərlər