İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb. Azərbaycan Prezidenti İlham Əliyev giriş nitqində qeyd edib ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilib, qarşıda duran bütün məsələlər uğurla icra edilib. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcək:
"Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır.
Bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.
Bir sözlə, müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.
Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır."
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, inflyasiya Azərbaycanda nəinki birrəqəmlidir, hətta 1,6 faiz təşkil edir. Bu, çox gözəl göstəricidir. Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılmışdır - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır:
"Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır.
Kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatımız təxminən 6 faiz artıbdır. Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq.
Ölkəmizin maliyyə vəziyyəti çox sabitdir. Mən dəfələrlə demişəm, bizim iqtisadi və maliyyə vəziyyətimiz müstəqilliyimizi şərtləndirən əsas amillərdən biridir. Azərbaycan böyük maliyyə resurslarına malikdir. Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməmişdir. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək.
Bunu da xüsusilə qeyd etməliyəm ki, biz bu vəsaitdən çox qənaətlə istifadə edirik, ən vacib olan sahələrə yönəldirik. Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir. İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Ona görə, mən bilirəm ki, biz çox qənaətlə istifadə edirik. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.
Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməmişdir. Bunu yəqin, gələcəkdə alimlər araşdıracaqlar və təhlil aparacaqlar ki, bu, nə üçün belədir. Bizim, sadəcə olaraq, buna vaxtımız yoxdur, biz işlə məşğuluq və işimiz göz qabağındadır. Biz böyük maliyyə resurslarına malik olan ölkəyik. Bir daha qeyd etmək istəyirəm, biz ildən-ilə maliyyə resurslarını artırırıq, artıracağıq. Bu resurslardan səmərəli şəkildə istifadə etməyimiz, bizə əlbəttə ki, əlavə gəlirlər gətirir və bu gün öz investisiya portfelimizi şaxələndiririk - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir."
Ölkə Prezidenti bildirib ki, bu il üçüncü regional inkişaf proqramı qəbul edilib. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimi iş yeridir:
"2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək.
Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı düşünülmüş bir konsepsiya hazırlansın. Bu günə qədər bu, bir qədər kortəbii proses kimi gedirdi. Ancaq bizim əhalimiz bundan sonra da artacaqdır. Əhali nə qədər artsa, sonrakı illərdə o faiz də bir o qədər böyük rəqəmlərlə ölçüləcəkdir. Bir var ki, 8 milyon əhali bir, ya iki faiz artır, biri də var ki, on milyon əhali. Yəni, rəqəmlər də mütləq böyüyəcəkdir. Ona görə biz uzunmüddətli məşğulluq konsepsiyasının müzakirəsini başlamalıyıq. Müəyyən işlər görülmüşdür, biz bunu gərək daha da konkretləşdirək ki, hansı sahələrdə nə qədər iş yerləri açılmalıdır. Buna görə biz nə etməliyik, hansı institusional islahatlar aparılmalıdır, buna nə qədər investisiyalar cəlb edilməlidir? Hesab edirəm ki, bundan sonra dövlət investisiya xərclərinin müəyyən edilməsində bu amil əsas olmalıdır. Çünki biz əvvəlki illərdə, hətta indi də vəsaiti ən böyük inkişafa ehtiyacı olan sahələrə yönəldirik. İnfrastruktur, sosial layihələr, müdafiə xərcləri, əlbəttə ki, bu, lazımdır və düşünülmüş siyasətdir. Ancaq biz məşğulluq məsələlərini indi daha da ciddi nəzərə almalıyıq. Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır. Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır. Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur. Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Əminəm ki, daha da artacaqdır."
Prezident İlham Əliyev bildirib ki, ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, gündən-günə artır. Ordu günündə və bu yaxınlarda cəbhə bölgəsində keçirilmiş təlimlər həm praktik nöqteyi-nəzərdən, eyni zamanda, gücümüzü nümayiş etdirmək nöqteyi-nəzərindən çox böyük əhəmiyyətə malik məsələlərdir:
"Bu yaxınlarda səfirlərlə görüşdə bu məsələ ilə, ümumiyyətlə, xarici siyasətlə bağlı sözlərimi kifayət qədər geniş demişəm, təkrar etmək istəmirəm. Sadəcə olaraq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər.
Bu altı ayda neft-qaz sahəsində, xüsusilə "Cənub" qaz dəhlizi ilə bağlı ciddi addımlar atılmışdır. İlkin tenderlər elan edilmişdir. TANAP layihəsinin icrası, demək olar ki, artıq başlamışdır. Tikintiyə hazırlıq dövrü çox uğurla gedir. Hesab edirəm ki, biz bu böyük layihəni vaxtında icra edəcəyik. "Cənub" qaz dəhlizinin təşəbbüskarı Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir. Bu üç layihə - "Şahdəniz-2", TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Biz bu layihənin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır. Bu gün bizim dünyada oynadığımız rol çox önəmlidir. Azərbaycanın nüfuzu, önəmi, təsir imkanları gündən-günə artır. Bütün bunları biz özümüz qazanmışıq, əldə etmişik.
Enerji siyasətimiz bu gün ümumi siyasətimizin tərkib hissəsidir, nəinki bizim üçün, bütün ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Son aylarda bölgədə, Avropada bu sahədə müşahidə olunan hadisələr və müəyyən gərginlik bir daha göstərir ki, enerji təhlükəsizliyi olmadan heç bir ölkə özünü rahat hiss edə bilməz, tam müstəqil siyasət apara bilməz.
Biz isə öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir.
Bir sözlə, bizim altı ayda gördüyümüz işlər yüksək qiymətləndirilməlidir. Ölkədə çox gözəl ab-hava vardır. Çox gözəl ictimai-siyasi vəziyyət müşahidə olunur. Sabitlik tam şəkildə təmin edilir. Sabitliyin qarantı Azərbaycan xalqıdır və gördüyümüz işlərdir. Azərbaycan xalqının rifahı, cəmiyyətdə bərqərar olan ədalət, o cümlədən sosial ədalət və xoşagəlməz hallarla mübarizə bu müsbət meylləri daha da gücləndirir."
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış ediblər. Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, cari ilin birinci yarımilində də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur. Əhalinin gəlirlərinin artması davam etmiş və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz, hər nəfərə düşən gəlirlər isə 3,3 faiz artmışdır. Yanvar-may ayları ərzində orta aylıq əmək haqqı 6,5 faiz artaraq, 438,1 manata yüksəlmişdir. Bu il iyunun 1-dək əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatmışdır.
Cari ilin birinci yarısında bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində stabil artım davam etmiş, 2,3 milyard manat məhsul istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım deməkdir. Bu dövr ərzində bitkiçilik məhsulları istehsalının həcmi 973 milyon manat, heyvandarlıq məhsulları istehsalının həcmi isə 1,3 milyard manat təşkil edərək, keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 və 3 faiz artıma nail olunmuşdur. Digər sahələrdə müşahidə edilən dinamik artımlar da kənd təsərrüfatı sahəsindəki inkişafa adekvat olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi daxili məhsulda payı əvvəlki ildə olduğu kimi sabit qalaraq 4,4 faiz təşkil etmişdir. 2014-cü ilin birinci yarısında əmək qabiliyyətli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görülmüş, məşğulluq xidməti orqanlarına müraciət etmiş 13742 nəfər münasib işlə təmin olunmuş, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur. Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonuna qədər qarşıda duran bütün məsələlər öz həllini tapacaq və Azərbaycan 2014-cü ili də böyük uğurlarla başa vuracaq:
"Gələn altı ayda biz əlbəttə çalışmalıyıq ki, nəzərdə tutulmuş bütün infrastruktur layihələrini başa çatdıraq. Son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür, amma hələ ki, görüləsi işlər çoxdur. Xüsusilə nəzərə alsaq ki, ölkə qarşısında maliyyə problemi kimi bir problem durmur, - mən bunu giriş sözümdə də demişəm, bizim maliyyə vəziyyətimiz yaxşıdır, kifayət qədər vəsaitimiz vardır, - ona görə, infrastruktur layihələrinin icrası ilə bağlı heç bir yubanma olmamalıdır. Burada əsas şərt keyfiyyət və sürətdir. Əlbəttə ki, bütün aidiyyəti qurumlar keyfiyyətə ciddi diqqət yetirməlidirlər. Elə etməlidirlər ki, xərclənən vəsait lazımi səviyyədə təmin edilsin. Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir. Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, "Azəriqaz" bu işləri daha da sürətlə aparmalıdır.
Meliorasiya ilə bağlı. Bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır. Bu, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaqdır. Mən keçən müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki, mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da ki, 50 min hektar torpaq suvarılacaqdır. Ancaq hansı torpaq, bu uçotu kim aparıbdır, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaqdır. Ona görə, yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat versinlər. Ondan sonra, əlbəttə ki, biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın.
Bu il ölkə iqtisadiyyatına böyük həcmdə investisiyalar qoyulmuşdur. Burada bu rəqəm səsləndi - 7,6 milyard manat. Yəni, 6 ayda 11,5 milyard dollar investisiya qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Əminəm ki, bu il də ölkəyə qoyulan investisiyaların həcmi 20 milyardı ötəcəkdir. Biz bu templəri saxlayırıq. Bu, bizə imkan verir ki, bütün infrastruktur, sosial layihələri icra edək. İnflyasiya qeyd etdiyim kimi, çox aşağı səviyyədədir. Çalışmalıyıq ki, aşağı səviyyədə də qalsın. Makroiqtisadi sabitlik bizim iqtisadi inkişafımızın əsas məsələsidir."