PDF Oxu

Siyasət

  • 45

Ermənistan Rusiyanın maraq dairəsindən itir

Ermənistan Rusiyanın maraq dairəsindən itir

Elman Nəsirli: "Əgər hazırkı davranışını davam etdirəcəksə, o zaman Ermənistanın iflası labüddür"

Artıq 1998-ci ildən çox ağır vəziyyətdə olan Ermənistan daha cətin günlərini yaşayır. Bu ağırlığın ən vacib amili ermənilərin bel bağladıqları, özlərinə hami saydıqları iki dövlət olan ABŞ və Rusiyanın onların "ən ülvi ümidlər"ini "puç" etmələri və nəticədə Yerevanın xarici siyasətinin uçuruma getməsidir. Ardıcıl zərbələr alan Ermənistana bu dəfə İlk zərbə Rusiya istiqamətdən gəldi. Belə ki, Şimal haminin Yerevandakı canişini, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin müsahibələrindən birində diplomatik etiketi bir kənara ataraq Sarkisyan hakimiyyətini sərt tənqid etdi, sonra isə birbaşa ultimatum səsləndirərək Ermənistandakı "bir sıra təşkilatların fəaliyyətinin daha ciddi tənzimlənməyə, ölkədəki informasiya məkanının nəzarətə götürülməsi"nin vacibliyini vurğulayıb. Bu, Ermənistanın daxili siyasətinə Rusiyanın birbaşa müdaxiləsi ilə yanaşı, ermənilərin ölkəsindəki situasiyanın Moskvanı zinhara gətirməsinə işarə idi. İ.Volınkin artıq çox aydın şəkildə bildirir ki, Serj Sarkisyan hakimiyyətinin davranışı Moskvada dərin şübhələr yaradır: "Yerevan Rusiyaya tam sədaqət və itaət göstərdiyini vurğulasa da, ABŞ və Avropa İttifaqı ilə təmasları da intensivləşdirməyə çalışır".

Moskva Ermənistanın mövqeyini dinləmək istəmir

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli məsələ ilə bağlı fikirlərini bölüşərkən söylədi ki, istənilən hadisəyə qiymət vermək üçün müəyyən əlamətlər lazımdır. Bu nöqteyi-nəzərdən Azərbaycan və Rusiya münasibətlərinin getdikcə daha çox intensivləşməsinin şahidiyik: "Nəzərə alsaq ki, belə əlamətlərdən biri ilk növbədə, Rusiyanın yüksək rütbəli məmurlarının Azərbaycana son intensiv səfərləridir. Bildiyimiz kimi, ilk öncə Bakıya Rusiyanın iqtisadiyyat naziri, sonra xarici işlər naziri Sergey Lavrov, daha sonra baş nazirin müavini Dmitri Laqoznanın, iyun ayının 28-də isə Rusiya Dövlət Dumasının sədri Sergey Narişkinin səfərləri, həmin müddət ərzində Azərbaycanın müdafiə naziri, həmçinin parlament spikerinin Rusiyada səfərdə olmaları, həmçinin bu günlərdə Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışıqları bütün bunlar bir daha təsdiqləyir ki, rəsmi Bakı, Moskva münasibətləri də intensivlik, dinamika müşahidə olunmaqdadır. Bundan savayı isə bu günlərdə Qəbələdə Rusiya-Azərbaycan humanitar forumunun keçirilməsini də əlavə etsək, bu qənaətə gəlmək olar ki, həqiqətən də münasibətlərdə ciddi bir dinamika özünü göstərməkdədir. Bütün bu sadalananlar təbii ki, Ermənistanda həm narahatçılıq, həm də qısqanclıq hissi yaradır".

"Ermənistan bütün hallarda dərk etməlidir ki, Azərbaycan güclü dövlətdir və güclü ilə hər zaman hesablaşırlar"

Politoloq onu da vurğuladı ki, Ermənistan tərəfi belə bir fikirlər söyləyir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı məsələlərin müzakirəsi zamanı Moskva heç Ermənistanın mövqeyini belə dinləmək istəmir: "Artıq Rusiyanın bugünkü geopolitik reallıqdakı maraqları onu Azərbaycanla daha yaxın etməyə sövq edir. Erməni ekspertlər, xüsusilə də söyləyirlər ki, Qərbin Rusiyaya təzyiqləri getdikcə artmaqdadır. Və belə olan vəziyyətdə Rusiya bu təzyiqləri neytrallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Və belə vasitələrdən biri də odur ki, o, postsovet məkanında fəaliyyətini gücləndirir. Yəni düşdüyü blokadadan postsovet məkanı ölkələri ilə əlaqələri genişləndirmək hesabı ilə vəziyyətdən çıxmaq istəyir. Belə bir zamanda əsas diqqəti cəlb edən dövlətlərdən biri məhz Azərbaycandır. Çünki Moldova və Gürcüstan birmənalı şəkildə Qrəbyönümlü, Azərbaycan isə balanslı, tarazlaşdırılmış bir siyasət həyata keçirir. Belə olan vəziyyətdə, Rusiya da çox maraqlıdır ki, Azərbaycanla münasibətləri genişləndirsin və onunla daha sıx münasibətdə olsun. Həmçinin Qərb də eyni niyyətdədir. Azərbaycanın bugünkü reallıqlar fonunda siyasi çəkisi, əhəmiyyəti və aktuallığı daha da artıb. Bu isə Ermənistanı çox narahat edir və gərgin situasiyaya düşdüklərini özləri də etiraf edirlər. Bir çox hallarda Rusiyanı ittiham da edirlər ki, o öz ənənəvi dostunu, müttəfiqini yarı yolda qoyur, dəstəkdən məhrum edib. Ümumiyyətlə, Ermənistan bütün hallarda dərk etməlidir ki, Azərbaycan güclü dövlətdir. Güclü ilə hər zaman hesablaşırlar. Və bu nöqteyi-nəzərdən, güclü ilə dost olmağa, münasibətləri inkişaf etdirməyə hər zaman maraqlı olurlar. Məsələyə məhz bu məntiqlə yanaşdıqda, Ermənistan düşdüyü vəziyyətin əsas səbəbini öz gücsüzlüyündə və zəifliyində görməlidir. Çünki gücsüz və zəif heç kimə maraqlı deyil. Nə üçün gücsüz və zəif olmasının səbəbi isə yeritdiyi aqressiv siyasət və bunun doğurduğu bumeranq effektivliyi ilə bağlıdır".

Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Höffern ultimatum verdi

Politoloqun sözlərinə görə, Birləşmiş Ştatların Ermənistandakı səfiri Con Höffern açıqlamaları son illərdə Vaşinqtonun Yerevana ünvanladığı, bəlkə də, ən sərt xəbərdarlıqdır, daha doğrusu ultimatum da sayıla bilər: "Con Höffern Yerevandan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür və səbəbini də açıqlayır və bildirir ki, səbəbi Rusiyanın son geosiyasi addımları, xüsusilə də Ukraynanın Krım Muxtar Respublikasının "referendumun nəticələri"nə əsasən Rusiyaya birləşməsidir. Rusiyanın postsovet məkanında aktivləşməsinin və xüsusilə də ərazilərini genişləndirməsinin qarşısını almaq istəyən Qərb Krım ssenarisinin Cənubi Qafqazda hər hansı formada və ya səviyyədə təkrarlanmasına yol verməyəcəyini qətiyyətlə vurğulayır. Con Höffern onu da vurğulayıb ki, S.Sarkisyan Dağlıq Qarabağda yeni hərbi əməliyyatlar başlayacağından qorxur və KTMT-dən "təhlükəsizliyin təminatı ilə bağlı vədlər" istəyir. O, çıxışını KTMT-dən gileylənməklə və Rusiyaya yalvarışla başa vurub, açıq-aşkar bildirib ki, Ermənistan KTMT-nin maraqlarını qoruyaraq "bəzi məsələlərdə qonşu dövlətlərdə münasibətlərə zərbə vurur, amma bunun müqabildə heç nə almır: əksinə, KTMT üzvü olan ölkələr bəzi qərarları və addımları ilə Ermənistanın maraqlarını ayaqlar altına atırlar".

Ermənistan öz yürütdüyü siyasətin qurbanına çevrilir

E.Nəsirli sonda onu da vurğulayıb ki, Azərbaycan bu məsələdə Ermənistan üçün çıxış yolunu göstərib: "Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Ermənistan aqressiv siyasətinə son qoysun, torpaqları azad etsin, işğalçılıq siyasətini və onun nəticələrini aradan qaldırsın. Bundan sonra Azərbaycan yaranmış yeni şəraitdə Ermənistanla münasibətlərə baxa bilər, eyni zamanda Ermənistanın kənarda qaldığı layihələrdə iştirakı məsələsini nəzərdən keçirə bilər. Yəni bir sözlə, hər şey Ermənistanın davranışından asılıdır. Əgər Ermənistan hazırkı davranışını davam etdirəcəksə, o zaman Ermənistanın iflası labüddür. Necə ki, indi biz onun beynəlxalq aləmdə iflasının şahidiyik. Hətta iş o yerə gəlib çatıb ki, dostu, müttəfiqi olan Rusiya da artıq Ermənistandan üz döndərməyə başlayıb. Əgər Ermənistan tərəfi proqmatik siyasət yeritmək istəyirsə, o zaman reallıqları nəzərə almalıdır".

A.SƏMƏDOVA

Digər xəbərlər