YAP İsmayıllı rayon təşkilatı Xankənd kəndində YAP üzvlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin 45-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Xankənd ərazi ilk partiya təşkilatının sədri Rüstəm Məmmədov müstəqilliyimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb: "Dahi şəxsiyyət Heydər Əliyev Vətənini, millətini, dövlətini bütün varlığı ilə sevən İnsan idi. Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirən Ümummilli Lider Vətəninin çiçəklənməsi, dövlətin inkişafı naminə nə mümkünsə edib. Məhz Onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan böyük inkişaf yolu keçərək, iri miqyaslı layihələrin icraçısına, etibarlı tərəfdaşa, ən əsası isə sürətlə inkişaf edən ölkəyə çevrilib".
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz tarixi xidmətləri Azərbaycansevərlərin qəlbində əbədi kök salıb: "Ulu Öndər Heydər Əliyev fitri istedada malik olan rəhbər və Lider kimi dünyaya gəlmişdir. O, insanları inandırmağı, onlarda ruh yüksəkliyi yaratmağı, öz arxasınca aparmağı bacarırdı. Təsadüfi deyil ki, Ümummilli Lider birinci dəfə Azərbaycana rəhbərliyə başlayanda respublikamız geridə qalmış, aqrar bir ölkə idi. Ulu Öndərin hakimiyyətə gəlişi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, ölkə öz inkişafında yeni mərhələyə qədəm qoydu. O, müdriklik və uzaqgörənlik göstərə bilən, ən çətin və mürəkkəb vəziyyətlərdən yeganə və doğru yol tapıb çıxmaq, qısa zaman kəsiyində ən düzgün və cəsarətli qərarlar qəbul etmək məharətinə malik olan görkəmli dövlət xadimi idi".
Rayon təşkilat sədri qeyd edib ki, tarix uzaqlaşdıqca Heydər Əliyev dühasının əzəməti, Onun şəxsiyyətinin böyüklüyü daha aydın dərk edilir: "Əslində, bu qeyri-adi Şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz Onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, Onun imkan tapıb həyata keçirə bilmədiyi ideyaları tarixə çevirir.Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir, sürətli inkişaf yolumuzu daim işıqlandırır, bizi xoşbəxt gələcəyə aparır".
Daha sonra Xankənd kənd tam orta məktəbinin direktoru Rauf Adıgözəlov, məktəbin müəllimi Rübadə Məsimova, kənd ağsaqqalı Saatxan Cəlilov, Zeyvə kənd ümumi orta məktəbinin direktoru Nazim Salmanov və başqaları çıxış edərək, Ümummilli Lider Heydər Əliyev dühasından yaranan və Onun ideyalarını rəhbər tutaraq uğurla həyata keçirən YAP-ın cəmiyyətdəki mövqeyinin genişlənməsindən, partiyanın Lideri Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək xalqla iqtidar birliyinin yaranması istiqamətində yeni-yeni uğurlar qazanmasından danışaraq, gələcəkdə də hakim partiya olaraq fəaliyyət göstərəcəyinə inandıqlarını ifadə ediblər.
ZÜMRÜD BAYRAMOVA