"Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası xüsusi əhəmiyyətə malik idi". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, ölkə başçısı bu müşavirədə 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafından razılığını bildirdi və o qeyd etdi ki, ümumi iqtisadi inkişaf 3,1 faiz təşkil edir: "Ən mühüm hadisə kimi isə dövlət başçısı qeyri-neft sektorundakı inkişafı qeyd etdi. Bu sahədə artıq 7 faizlik iqtisadi artım tempi qeydə alınıb.Bütövlükdə bu inkişaf nəticəsində Azərbaycanın valyuta ehtiyyatlarının 54 milyard dollara çatdığı xüsusi olaraq diqqətə çatdırıldı. Ölkə başçısı hər zaman olduğu kimi, tək iqtisadi məsələlərə deyil, eləcə də hərbi təhlükəsizlik, ərazi bütövlüyü ilə bağlı məsələləri də gündəmdə saxladı. Xüsusilə də ölkə rəhbəri ölkəmizin hərbi gücü ilə bağlı məsələlər haqqında öz fikirlərini bildirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu gün ölkəmizdə hərbi sahəyə diqqət hər zaman mövcuddur. Azərbaycanın hərbi gücü, potensialı artıqdca bu nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərir. Prezident çıxışında xüsusilə onu qeyd etdi ki, bu günkü dünyada beynəlxalq hüquq işləmir əksinə güc faktoru əsas faktora çevrilib.Həqiqətən son günlər Azərbaycanda aparılan hərbi təlimlər onu göstərir ki, Azərbaycan ordusu kifayət qədər güclüdür və regionda olduqca güclü orduya çevrilib. Təbii ki, cənab Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni də diqqət mərkəzində saxladı. O, dəfələrlə qeyd edib ki, münaqişə yalnız beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində öz həllini tapmalıdır".Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı ordu məsələsinə toxunaraq qeyd edib: "Ordu quruculuğu prosesi uğurla gedir, orduda islahatlar dərinləşir, nizam-intizam artır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Ərazi bütövlüyü əsas beynəlxalq hüququn norma və prinsipidir. Dağlıq Qarabağ münaqişəsi ancaq bu prinsip çərçivəsində öz həllini tapa bilər".
sia.az