Gənclər "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatında rolu" mövzusunda məruzəni dinləyiblər
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi hər il ənənəvi qaydada həyata keçirilən "Yay məktəbi" layihəsinin ikinci turuna start verib. SİA-nın məlumatına görə, növbəti turlar Oğuz rayonundakı "Afra" otelə və Lerik rayonunda yerləşən "RELAX" istirahət mərkəzində keçirilməkdədir.
Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi xadimlərlə və rayon gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunmaqdadır.
Lerikdə keçirilən "Yay məktəbi" layihəsi çərçivəsində qrup rəhbəri, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya agentliyinin baş direktoru Bəhruz Quliyev "Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatında rolu" mövzusunda məruzə ilə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin 34 illik hakimiyyəti dövrünə nəzər salan Bəhruz Quliyev gənclərə həmin illərdə baş verən prosesləri şərh edərək qeyd edib ki, bu tarix Azərbaycanın ən şanlı səhifəsi kimi xalqımız tərəfindən hər zaman fərəhlə xatırlanacaqdır: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəldiyi dövrdə Azərbaycan Sovetlər Birliyində iqtisadi inkişafına görə ən aşağı yerlərdən birini tutmaqla yanaşı, ölkədə istehsal səviyyəsi demək olar ki, yox dərəcəsində idi. İqtisadi ptensialı yalnız neftə bağlı olan Azərbaycanda kənd təsərrüfatı, xammal istehsalı, eləcə də digər sahələrdə durğunluq hökm dürürdü. Məhz Ulu Öndərin qətiyyəti, zəkası və zamanında doğru qərarlar qəbul etmək bacarığı qısa zaman kəsimində Azərbaycanı öncül yerlərə qədər yüksəltdi. Aparılan tikinti-quruculuq işləri, aqrar sahənin ayağa qaldırılması, maddi-texniki bazanın yenilənməsi və s. bu kimi sahələrdə görülən işlər nəticədə Azərbaycanda istehsal səviyyəsi ən yüksək həddə çatdı. Artıq Azərbaycan nəinki SSRİ məkanında, o cümlədən, xarici ölkələrə belə öz məhsullarını göndədirdi".
Bəhruz Quliyev çıxışında Heydər Əliyevin gənc nəslə də xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb: "Gənclərin potensialının doğru istiqamətdə artırılmasında, onların gələcəkdə Azərbaycan üçün yararlı olmalarında, səmərəli işlər görməsində Ulu Öndərimiz çox nəhəng işlər görmüşdür. Çünki O, daim Azərbaycanın müstəqilliyini düşünür, məhz həmin gənclərin müstəqil Azərbaycan üçün çalışacaqlarını öncədən görürdü. Təbii ki, bu həm də Onun uzaqgörənliyinin nəticəsi idi".
Qrup rəhbəri məruzəsində Azərbaycan mətbuatının inkişafı barədə geniş məzmunlu çıxış edərək vurğulayıb ki, Sovetlər dönəmində Heydər Əliyev dühası ölkə mətbuatına da xüsusi diqqət göstərirdi. Həmin zamanlarda dövri mətbuat müstəqil olmasa da, Azərbaycan dilində nəşr edilən qəzetlərdə zaman-zaman tənqidi yazılar dərc edilir, müəyyən məqalələr işıq üzü görürdü. Əlbəttə ki, bütün bunlar məhz Heydər Əliyevin gələcəyi görməsi, uzaqgörənliyinin göstəricisi idi. Çünki O, bilirdi ki, Azərbaycan tezliklə öz müstəqilliyinə qovuşacaq: "Beləliklə, Azərbaycan müstəqillik əldə etdi, lakin bu müstəqillik qısa zaman içində yenidən itirilmək təhlükəsi ilə qarşı-qarşıya qaldı. Daxili və xarici düşmənlərin öz maraqlarının reallaşması üçün ölkəni, xalqı hədəfə almaları, Dağlıq Qarabağda gedən qanlı döyüşlər və s. kimi məsələlər əlbəttə ki, Azərbaycanı uçuruma doğru sürükləyirdi. Belə olan halda xalqımız öz xilsakarına çağırış etdi. "Səs" qəzeti vasitəsilə Ulu Öndərə edilən müraciət isə əlbəttə ki, cavabsız qalmadı. 1993-cü ilin 15 iyun tarixində O, ikinci dəfə ölkə rəhbərliyinə qayıtdı. Bu qayıdış isə xalqımızın, müstəqilliyimizin xilası kimi şanlı tariximizə yazıldı".
Bəhruz Quliyev bütün sahələrdə olduğu kimi ölkə mətbuatında da aparılan genişmiqyaslı islahatlar haqqında danışarkən xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev ilk olaraq senzuranı aradan qaldırdı. Söz və ifadə azadlığının bərqərar olduğu dövri mətbuatda müstəqil ictimai-siyasi qəzetlər, çoxsaylı jurnal və dərgilər işıq üzü görməyə başladı. Artıq bu gün Azərbaycan mətbuatı tam demokratik şəkildə özünü sübuta yetirməklə yanaşı, inkişafını davam etdirməkdədir.
Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev cənabları Azərbaycanın müasir inkişaf dövründə öz müdrik siyasətini yürüdür. Bu siyasət isə bütün sahələri əhatə edir. O cümlədən, mətbuat sahəsini də. Sevindirici haldır ki, bu gün Azərbaycanın müstəqil və azad mətbuatında xüsusilə, gənclər uğurlu fəaliyyət göstərirlər. Əlbəttə ki, bu faktor da Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu gənclər siyasətinin tərkib hissəsidir".
Tədbir çərçivəsində millət vəkili İqbal Məmmədov da çıxış edərək bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda inkişaf prosesi sürətlə armaqdadır: "Bu gün Azərbaycanın bölgələrinin inkişafı da məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir. Bir-birindən gözəl istirahər və əyləncə mərkəzləri, idman kompleksləri bölgələrimizdə də insanlarımızın istifadəsinə verilib. Təbii ki, burada digər sahələrlə yanaşı, həm də sahibkarlığın inkişafına verilən dövlət dəstəyini xüsusi olaraq vurğulamaq lazımdır. Bütün bunlar əlbəttə ki, məhz Heydər Əliyev siyasətinin məntiqi nəticəsi və uğurudur".
Tədbir bir-birindən maraqlı diskussiya və müzakirələrlə davam etdirilib. Eyni zamanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "Yay məktəbi" layihəsi çərçivəsində layihə iştirtakçıları olan gənclər arasında müxtəlif idman yarışları və intellektual oyunlar da keçirilməkdədir. Qaliblərə turun sonunda mükafatlar və müxtəlif hədiyyələrin verilməsi də nəzərdə tutulmuşdur.
Xatırladaq ki, ümumilikdə avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 800-ə yaxın gənc iştirak edəcək.
sia.az