Bakı beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkan funksiyasını yerinə yetirir
Müstəqil Azərbaycanın sosial-iqticadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Azərbaycan dövlətinin, ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan siyasi vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir.
İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir. Məhz bu səbəbdən də Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımı maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son 10 ildə tikilən olimpiya idman kompleksləri məhz idmanın inkişafına xidmət edən amillərdir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir, Bakıda bu yarışları yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərir.
Təbii ki, ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunlarının keçirilməsi Bakıya həvalə olunub. Artıq neçə ildir Azərbaycan dünyanın idman ailəsinə daxil olan ölkə olaraq beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverilşli məkan funksiyasını yerinə yetirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür. Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. Beynəlxalq yarışın keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlər görülür.
DENİ MASSEQLİYA:"BAKI AVROPA OYUNLARINI UĞURLA BAŞA VURACAQ"
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Qeyd edək ki, bu günlərdə Bakıda keçiriləcək Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatı məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilib. Belə ki, Fransanın Kann şəhərində keçirilən "Azərbaycan mədəniyyəti günləri" çərçivəsində "Bakı - Avropa Oyunları - 2015"-ə həsr edilən videotəqdimat olub. Burada ötən dövrdə görülən işlər, tikilən idman obyektləri, Avropa oyunlarının Təşkilat Komitəsinin Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən toplantıları haqda geniş məlumatlar yer alır.
Fransa Olimpiya və İdman Komitəsinin prezidenti Deni Masseqliya 2015-ci ildə ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb, bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyən Deni Masseqliya Bakının Avropa Oyunlarını uğurla başa vuracağına əmin olduğunu bildirib.
"Mədəniyyət günləri" çərçivəsində "Bakı 2015" Avropa Oyunlarına həsr olunan yürüş də təşkil olunub. Bu yürüş Azərbayanın ev sahibliyi edəcəyi Avropa Oyunlarının təbliği baxımından əhəmiyyətlidir. Yürüş zamanı finiş xəttinə ilk çatan Kann sakini Maksons Vadelin olub. Yürüşü ikinci başa vuran isə Fransada təhsil alan həmyerlimiz Fuad Abuzərli olub. Daha sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Hər 3 yerin qalibinə fəxri fərman və 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunub. Birinci yeri tutan Maksons Vadelinə mükafatı Azərbycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib. Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilib. Qutudan Maxtin Mağmadanın adı çıxıb. Bu mərasim bir daha təsdiqləyib ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasına sübutdur.
"EURONEWS" TELEVİZİYA KANALI QAFQAZDA İLK AVROPA OLİMPİYA OYUNLARINA HAZIRLIĞIN BAŞLANMASINDAN BƏHS EDİB
"Euronews" televiziya kanalı bu möhtəşəm yürüşə laqeyd qala bilməyib. Belə ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına həsr olunmuş yürüş haqqında süjet hazırlayıb. Reportajda Kannın Kruazet sahilinin Azərbaycan bayraqları ilə bəzədildiyi vurğulanıb: "Bu, Qafqaz respublikasında ilk Avropa Olimpiya Oyunlarına hazırlığın başlanması belə qeyd edilib. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-formal qaçış təşkil edilib".
Reportajda yürüşün qalibi - Nitsanın 25 yaşlı sakini Maksans Vodelin fikirlərinə də yer verilib:"Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq çox xoş idi".
Yürüşün 3 qalibinin Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəvətnamə qazandığının qeyd olunduğu reportajda bildirilir ki, dəvətnamələri onlara Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim edib. Süjetdə yürüşün Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirildiyi də vurğulanır.
Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələr, eləcə də bu ölkələrin regionlarında bir sıra layihələr həyata keçirib. Kannda keçirilən növbəti tədbir də bu günə qədər keçirilən layihələrin davamı olaraq tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.
Nəzakət ƏLƏDDİNQIZI