Oğuzda YAP Gənclər Birliyinin "Yay məktəbi"nin II turu öz işinə başlayıb
İyulun 13-də Oğuz rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin II turu öz işinə başlayıb. Rayonla ümumi tanışlıqdan sonra gənclərlə görüş təşkil edilib və müxtəlif məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, YAP Gənclər Birliyinin həyata keçirdiyi bu cür layihələr hər zaman öz səmərəli nəticələri ilə yadda qalıb. "Yay məktəbi" gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, intellektual potensialının artırılması üçün xüsusi əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, gənclər ictimai-siyasi və sosial-mədəni proseslərdə fəal təmsil olunurlar.
Diqqətə çatdırılıb ki, "Yay məktəbləri" gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Yeni Azərbaycan Partiyasının hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərildiyi vurğulanıb və nəzərə çatdırılıb ki, gənclərin fəaliyyəti üçün bu gün cəmiyyətimizdə bütün imkanlar var və hər bir gənc özünün yaradıcı potensialından səmərəli istifadə edə bilir.
Qeyd edilib ki, bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi gənclər siyasəti sayəsində gənclərin potensialından səmərəli istifadə edilməkdədir.
Daha sonra "Afra hotel" kurort və biznes mərkəzində gənclərin iştirakı ilə diskussiya təşkil edilib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparılıb. Dövlət gənclər siyasətinin əhəmiyyətinin vurğulandığı müzakirələrdə gənclərin partiya ətrafında sıx birləşdiyi qeyd edilib.
Bildirilib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir ki, bu da milli həmrəylik və bütövlüyə əhəmiyyətli töhfələr bəxş edir.
İctimai müzakirələrdən sonra gənclərin iştirakı ilə interaktiv oyunlar, əyləncə xarakterli tədbirlər keçirilib.
sia.az