Dünən Zərdabda Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə təntənəli ümumrayon yığıncağı keçirilib. Rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının fəal üzvləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, yerli icra və bələdiyyə qurumlarının rəhbərləri, əmək kollektivləri və ictimaiyyətin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül, çiçək dəstələri qoyublar, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Mərkəzdə iştirakçılara Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx təqdim olunub.
Toplantıda Ümummilli Lider Heydər Əliyevin xalqı, milləti, Azərbaycan üçün gördüyü böyük işlərdən söz açılıb. Qeyd olunub ki, Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı bu illərdə özünü tənha, arxasız və güvənsiz hiss etməyib.
Çıxış edənlər onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyev bu illər ərzində çox zirvələr fəth edib. Amma Onun fəth etdiyi ən böyük zirvə xalqının qəlbidir. Ondan yüksək, uca zirvə yoxdur. Bu illər ərzində Ulu Öndər Heydər Əliyevin fəaliyyətini, etdiklərinin mahiyyətini anlayıb nəticə çıxarmaq üçün öncə Ulu Öndərin möhtəşəmliyini dərk etmək gərəkdir. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 45 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.
Tədbir axşam saatlarında konsert proqramı ilə davam etdirilib.
NƏZAKƏT