Oğuz Rayon İcra Hakimiyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər 1969-cu il 14 iyulun müqəddəs tarixə çevrilən, Azərbaycanın inkişaf salnaməsinə qızıl hərflərlə yazılan tarixi bir gün olduğunu vurğulamışlar. Bildirilmişdir ki, həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev respublikanın keçmiş ittifaq miqyasında geridə qalmış respublikalardan biri kimi tanınması ilə barışmayaraq mövcud vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli addımlar atmış, bütün imkanları səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmış və buna nail olmuşdur. Dahi şəxsiyyət Azərbaycanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların aradan qaldırılmasına səy göstərmişdir. Respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı, kadrların milliləşdirilməsinə, xüsusilə gənc kadrların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə çalışmışdır.
Bildirilmişdir ki, Azərbaycan xalqı fenomenal liderin rəhbərliyi altında milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxlamağa nail olmuş, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır.
Qeyd olunmuşdur ki, dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi, insan hüquq və azadlıqlarının qorunması, ədalətli cəmiyyətin formalaşdırılması, demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin başlıca amalı Azərbaycanın inkişafı, güclənməsi, müasirləşməsi, xalqın rifahının yüksəlməsi olmuşdur. Müasir, müstəqil Azərbaycan məhz bu amalın, bu amal uğrunda mübarizənin təcəssümüdür.
AzərTAc