Dünən YAP Nərimanov rayon təşkilatının Bakı Sağlamlıq Mərkəzində ərazi ilk partiya təşkilatının yaradılmasına həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov hazırda bu tibb müəssisəsində 100 nəfərə qədər YAP üzvü olduğunu bildirdi. T.Bəbirov vurğuladı ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir: "Buna görədir ki, partiyanın sıraları günbəgün genişlənir". YAP-ın sıralarında tibb işçilərinin də kifayət qədər fəal təmsil olunduqlarını deyən baş həkim qeyd edib ki, hazırda dövlət rəhbərliyi tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət yetirilir. Onun fikrincə, Bakı Sağlamlıq Mərkəzi kimi müasir tibb müəssisəsinin tikilib istifadəyə verilməsi də bu diqqətin bariz nümunəsidir.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək bildirib ki, ölkəmizi dinamik inkişaf yoluna çıxarmış Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və Azərbaycanın həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub. Yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: "Təbii ki, bu irəliləyişlərdə hakim partiya olan YAP-ın rolu danılmazdır. Bu da Ulu Öndər Heydər Əliyevin yaradıb bizlərə miras qoyduğu və gələcəyin partiyası olan YAP-ın nailiyyətləridir. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək".
T.Tağıyev onu da bildirdi ki, YAP Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasəti bundan sonra da davam edəcək, partiyamız Ulu Öndərimiz, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. T.Tağıyev qeyd etdi ki, YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb. O, əmin olduğunu bildirib ki, yeni yaranan ilk təşkilat ən nümunəvi yerli partiya strukturlarından biri olacaq. Ölkəmizin hərətərəfli inkişaf etdiyini deyən T.Tağıyev Bakı Sağlamlıq Mərkəzinin istifadəyə verilməsini də bu inkişafın nümunəsi kimi dəyərləndirib: "Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır".
Tədbirdə təşkilati məsələlərə baxılıb, Lena Hacıyeva ilk partiya təşkilatının sədri seçilib. Eyni zamanda, təşkilatın 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşib.
R.HÜSEYNOVA