PDF Oxu

Siyasət

  • 53

Lerikdə "Yay məktəbi" layihəsi çərçivəsində seminar keçirilib

Lerikdə "Yay məktəbi" layihəsi çərçivəsində seminar keçirilib

Bəhruz Quliyev: "Yaxşı təhsil almaq, həm də potensial karyera imkanlarının artırılması deməkdir"

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Lerikdə "Yay məktəbi" layihəsinin ikinci turu bir-birindən maraqlı tədbirlərlə davam edir. Belə ki, dünən layihə çərçivəsində "Xaricdə təhsil karyeramıza təsir edə bilərmi?" mövzusunda seminar keçirilib. Seminarda çıxış edən qrup rəhbəri, "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev ilk öncə "Yay məktəbi"nin əsas mahiyyəti barədə növbəti məlumatları verib.

Bəhruz Quliyev bildirib ki, artıq ənənəvi hal alan "Yay məktəbi" layihəsi ilk öncə gənclərin ictimai həyatdakı mövqelərinə stimul verməklə yanaşı, həmçinin, onların cəmiyyətdəki rolunu da müəyyənləşdirir: "Söz yox ki, gənclərimiz məhz belə uğurlu layihələrdə həm də gələcək karyeraları haqqında da düşünür, yaxın gələcəkdə ölkəyə hansı töhfələr verə biləcəkləri barədə fikirlər irəli sürürlər. Əlbəttə ki, gənclər burada ilk növbədə öz təhsilləri ətrafında düşünməlidirlər. Çünki yaxşı təhsil almaq, həm də potensial karyera imkanlarının artırılması deməkdir".

Baş redaktor eyni zamanda ölkədə təhsil sisteminin yeniləşməsi, müasirləşməsi barədə də geniş söhbət açaraq bildirib ki, bu gün Azərbaycan təhsili öz uğurlu addımlarını atır. Həmçinin, ölkə rəhbərliyi gənclərimizin həm ölkədə, həm də ölkədən kənarda - xaricdə fəaliyyət göstərən nüfuzlu universitetlərdə təhsil almalarına kifayət qədər şərait yaradır: "Belə qənaətə gəlmək olar ki, Azərbaycanla yanaşı, xarici ölkələrdə də təhsil alan gəncələrimiz öz gələcək karyeraları, iş imkanları barədə planlarını qururlar. Məqsəd isə birdir - uğurlu, keyfiyyətli təhsil, gələcəkdə təbii ki, uğurlu karyeraya öz müsbət təsirlərini göstərəcək. Nəticədə gənclər öz potensiallarını və imkanlarını doğma ölkələrinə, xalqına sərf edərək, Azərbaycanın inkişafında öz töhfələrini verəcəklər".

Bəhruz Quliyev onu da xatırladıb ki, hələ SSRİ dövründə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkənin müstəqilliyi barədə düşünərək, gənc nəsillərin təhsil almalarına, karyera qurmalarına davamlı şərait yaradırdı: "Azərbaycanlı gənclər Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə oxumağa, təhsil almağa göndərilir, onlar geri qayıtdıqdan sonra ölkəmizə öz töhfələrini verirdilər. Bu gün Ulu Öndər Heydər Əliyev siyasəti Onun layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsilimizin bugünkü inkişafı bu sahədə dövlətimizin apardığı siyasətin məntiqi uğurlu nəticəsidir".

Seminar çərçivəsində çıxış edən gənclər də sözügedən mövzu ətrafında öz fikirlərini bilrirərək vurğulayıbar ki, bu gün Azərbaycan təhsili artıq bir çox ölkələrə örnək kimi göstərilir. Azərbaycanlı gənclər ölkədən kənarda təhsil almaqla yanaşı, xarici ölkələrdən olan gənclər də məhz Azərbaycandakı təhsil sistemini əsas görərək, bizim ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinə üz tuturlar.

Seminar bir-birindən maraqlı müzakirələr və diskussiyalarla başa çatdırılıb. Bu arada gənc fəal Sənan Məmmədlinin doğum günü layihənin ikinci turunda iştirak edən qrup rəhbərliyi və gənclər tərəfindən qeyd olunub. Doğum gününü qeyd edən gənc üçün tort kəsilib, şirniyyat masası açılıb. Qrup rəhbərliyi və gənclər Sənan Məmmədlini ad günü münasibəti ilə ürəkdən təbrik ediblər.

Qeyd edək ki, Lerikdə keçirilən "Yay məktəbi" layihəsi çərçivəsində müxtəlif idman yarışları və intellektual müsabiqələr də keçirilir. Qaliblər turun sonunda mükafatlandırılacaqlar. Axşam saatlarında isə tur iştirakçıları üçün istedad gecəsi və diskotekalar keçirilir.

İsmayıl QULİYEV, Lerik

Digər xəbərlər