Bu sözlər YAP İsmayıllı rayon təşkilatının müstəqilliyimizin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Aşıqbayramlı kəndində keçirdiyi toplantıda kənd ictimaiyyəti tərəfindən səsləndirilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Böyük Öndər Heydər Əliyev epoxasının müstəsna yeri və rolu var: "Dünyaşöhrətli siyasətçi, görkəmli dövlət xadimi olan Ümummilli Lider Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradaraq, Azərbaycanı dünyaya tanıdıb. Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan rəhbərliyinə gəlişi İttifaq daxilində geri qalmış respublikanı bir neçə il ərzində hərtərəfli inkişaf etmiş bir ölkəyə çevirdi. Həmin gün tariximizə unudulmaz bir gün olaraq yazıldı. Sovet İttifaqının zəif, iqtisadi tənəzzül dövrünü yaşayan ölkəmizdə sürətli iqtisadi inkişaf siyasəti həyata keçirilməyə başladı və tezliklə Azərbaycan İttifaqın ən inkişaf etmiş respublikaları sırasında ön cərgələrə çıxdı, bugünkü müstəqilliyimiz üçün möhkəm baza yaratdı. O dövrün statistikasına nəzər salanda bunu aydın görmək olar".
Rayon təşkilatının sədri bildirdi ki, 20-ci əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi Şəxsiyyət Heydər Əliyev uzaqgörən və müdrik siyasəti sayəsində güclü kadr potensialı yaratmaqla milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsini qoymuşdur: "O özünün bütün şüurlu həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeş himayəçisidir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya son illərdə Onun layiqli davamçısı və varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir". Azərbaycanın bütün sahələrdə çox böyük inkişafa nail olduğunu vurğulayan Ə.Vahabova siyasət aləmində öz sözünü deyən, beynəlxalq arenada böyük nüfuz sahibi olan Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.
Tədbirdə çıxış edən Aşıqbayramlı kənd ictimaiyyətinin nümayəndələri Maarif Osmanov, Zöhrab Ağayev, Şəfiqə Məmmədova və başqaları qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyev doğma Vətəni Azərbaycana və millətinə ürəkdən bağlı olan respublikamızın yüksəlişi naminə fədakarlıq göstərən rəhbər idi. Onun müdrik, uzaqgörən və səriştəli rəhbərliyi nəticəsində respublikamız nəinki nəhəng sovetlər ölkəsində yüksək göstəricilərə nail oldu, həm də dünyada tanındı və özünün hazırkı müstəqilliyini təmin etdi. Natiqlər bildiriblər ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müstəqil dövlətimizi Ulu Öndər Heydər Əliyev irsinə sadiq qalaraq idarə etməsi, onu bütün dünyada tanıtması və respublikamızın çiçəklənməsi istiqamətində irimiqyaslı tədbirlərin həyata keçirilməsi bütün xalqımız kimi Aşıqbayramlı, Talış, Hapıtlı kənd sakinlərini də ürəkdən sevindirir, görüləcək işlərdə böyük ruh yüksəkliyi yaradır, Prezident Cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə səfərbər edir.
ZÜMRÜD BAYRAMOVA