Ağcabədidə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü qeyd olundu
YAP Ağcabədi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları öncə Heydər Əliyev Meydanına gələrək, Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gedərək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları Ümummilli Liderin siyasi hakimiyyətə gəldiyi dövrdən 2003-cü ilədək gördüyü işlər barədə qonaqlara geniş məlumat veriblər.
YAP Ağcabədi rayon təşkilatında davam etdirilən tədbirdə Ağcabədi rayon icra hakimiyyətinin başçısının müavini, YAP Ağcabədi rayon təşkilatının şura üzvü Əbülfət Tapdıqov, rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov, rayon təşkilatı idarə heyətinin üzvü, rayon təhsil şöbəsinin müdiri Mehti Əhmədov, rayon təşkilatının şura üzvü, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu ildə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi naminə gördüyü böyük işlər barədə danışıblar. Ulu Öndərin Azərbaycanın tərəqqisi və inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən geniş söz açılıb. Natiqlər həmçinin, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 90-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə hökm sürən anarxiya və hakimiyyətsizliyin aradan qaldırılması, bərbad hala düşmüş iqtisadiyyatın dirçəldilməsi, erməni işğalçıları tərəfindən torpaqların zəbt edilməsinin qarşısının alınması, ölkədə qanunçuluğun bərqərar edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmlənməsi, ölkə əhalisinin maddi-rifah halının yaxşılaşdırılmasını vurğulayıblar. Uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin beynəlxalq aləmdə tanınması, ordu quruculuğu, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində böyük uğurlar əldə edilməsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalq qarşısındakı misilsiz xidmətləri barədə söz açılıb. Bildirilib ki, dünya birliyində söz sahibi olan Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, sabit bir ölkədir. Ulu Öndərin ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ZÜMRÜD