PDF Oxu

Siyasət

  • 47

İlham Əliyev: “Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır”

İlham Əliyev: “Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır”

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olub. Baş nazir Matteo Renzi Prezident İlham Əliyevi qarşıladı.

İtaliya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Baş nazir Matteo Renziyə təqdim olundu. Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edildi. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulandı. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Iyulun 14-də Romada Azərbaycan-İtaliya sənədlərinin imzalanması mərasimi olub. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" qəbul olundu.

"Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında dəniz nəqliyyatı haqqında Saziş"i Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliyanın infrastruktur, nəqliyyat və telekommunikasiyalar naziri Maurizio Lupi imzaladılar.

"Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov və İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda imzaladılar. "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyinin dövlət katibi Françeska Barraççiu imzaladılar. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti - İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İtaliya Nazirlər Kabinetinin dövlət katibi Qratsiano Delrio imzaladılar. Iyulun 14-də Romada İtaliya Respublikasının Baş naziri Matteo Renzinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb. Prezident İlham Əliyevi Joze Qratsiano da Silva qarşıladı. Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışıldı. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olundu. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək tədbirlərdən danışıldı. Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Daha sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının muzeyində oldu. FAO-nun baş direktoru Jose Qratsiano da Silva Prezident İlham Əliyevə məlumat verdi ki, təşkilatın yerləşdiyi binada zəngin kitabxana da vardır. Bundan əlavə, burada FAO-nun media mərkəzi də yerləşir. Sonra Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə verdi. Prezident İlham Əliyev:

"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirirəm. Bizim mükəmməl əməkdaşlığımız vardır. İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox yaxşı müzakirələrimiz oldu.

Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi bizim üçün çox önəmlidir.

Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir. Bir daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və onu onun üçün münasib olan vaxtda yenidən Azərbaycana dəvət edirəm." Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfəri iyulun 15-də başa çatıb. Romanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısını İtaliyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Digər xəbərlər