Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin diversiyalar haqqında iddialarına cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ermənistan Respublikasının kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir.Müdafiə Nazirliyi bildirir ki, səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur: "İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.Azərbaycan Respublikasına təcavüz aktı etmiş, vətəndaşlarına qarşı divan tutulması siyasətini yürüdən, Xocalı soyqırımının törədilməsində iştirak edən Ermənistan Respublikasının cinayətkar rəhbərliyi, o cümlədən Seyran Ohanyan yaxın vaxtlarda ədalət məhkəməsi qarşısına çıxarılacaq və onların əməllərinə beynəlxalq hüquqi-siyasi qiymət veriləcəkdir".Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir.Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Kəlbəcərin Şaplar kəndində Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı "diversant"ın tutulduğu və onlara cinayət işi açıldığı barədə məlumat yayılıb.Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı bir müddət əvvəl rəsmi açıqlama verərək bəyan etmişdi ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.
sia.az