İlham Əliyev:"Söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir"
XIX əsrin II yarısında dünya və Azərbaycanda gedən inkişaf prosesi milli mətbuatımızın yaranması zərurətini ortaya çıxardı. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi uzun mübarizədən sonra çar üsul-idarəsi şəraitində türk dilində "Əkinçi" qəzetinin çap edilməsi üçün icazə aldı. Xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk sayı nəşr edildi və bununla da milli mətbuatımızın əsası qoyuldu. Qəzetin səhifələrində dövrün ən qlobol və maraq kəsb edən məsələlərini əhatə edən yazılar Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, Məhəmmədtağı Əlizadə Şirvani, Heydəri, Mirzə Fətəli Axundovun və başqalarının imzası ilə dərc olunur. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə "Əkinçi" misilsiz iş görür. Cəmi 56 sayı işıq üzü görən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edilib və müxtəlif mövzularda xəbərlər və məqalələr dərc olunub.
Həsən bəy Zərdabi ilk gündən "Əkinçi" vasitəsilə ən başlıca vəzifəsini - xalqı maarifləndirməyin təbliğini öz qarşısında məqsəd qoyur. Eyni zamanda o, "Əkinçi"nin səhifələrində milli oyanışın xüsusiyyətlərini, milli birliyi yaratmaq məsələsini önə çəkir.
"Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir. Bu qəzet cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyub. "Əkinçi"dən sonra hər bir azərbaycanlıda qəzetə, oxumağa, məlumatlanmağa həvəs yaranıb. Məhz bu təcrübədən yararlanan maarifpərvər ziyalılarımız bir-birinin ardınca yeni mətbuat orqanlarının əsasını qoyublar. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuş və bu gün də belədir. Bu ənənə yaşayır və davam etdirilir.
AZADLIQ VƏ MÜSTƏQİLLİK DƏYƏRLƏRİNİN TƏBLİĞATÇISI
Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndər KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev ölkəmizin müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
ÖLKƏMİZDƏ MƏTBU NƏŞRLƏRİN SƏRBƏST FƏALİYYƏTİNƏ BÜTÜN İMKANLAR YARADILIB
Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib.
Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürüdür. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Jurnalistlərin mənzil-məişət probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Bu, Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir.
Bütün bunlar həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir", - deyən Cənab İlham Əliyev bu sahədə ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bildirib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Belə ki, bu gün Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Yüzlərlə qəzetin nəşri vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə diqqətə çatdırılır.
Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Bu gün artıq mətbuatımızın 139-cu ildönümü ərəfəsindəyik. Böyük bir tarixi yol keçən milli mətbuatımızın xalqımızın həyatında çox böyük rolu var. Mətbuat demokratik prinsiplərin əhatə olunmasında ən başlıca vasitədir. Ona görə də, hansı cəmiyyət özünü demokratik görmək istəyirsə, demokratik dəyərlərə yiyələnmək istəyirsə, mətbuatın inkişafına diqqət yetirməlidir. Məhz bu baxımdan da, bu gün ölkəmizdə mətbuata, söz azadlığına böyük diqqət və qayğı göstərilir.
Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi milli mətbuat da diqqətdə saxlanılır, həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.
Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalıdır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl etməlidir. Mətbuat işçilərinə göstərilən diqqət jurnalistlərin üzərinə böyük məsuliyyət qoyur. Hər bir mətbuat işçisi istənilən vəziyyətdə məsuliyyət hissini itirməməlidirlər.
Nəzakət ƏLƏDDİNQIZI