Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində Heydər Əliyev Lektoriyasının növbəti məşğələsi keçirilib.
AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümünün geniş şəkildə qeyd olunduğu bu günlərdə keçirilən lektoriyada Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən ətraflı söhbət açılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri və rolu olduğunu deyib.
Vurğulanıb ki, xalq və dövlət naminə gərgin, qətiyyətli, fədakar və yorulmaz fəaliyyət dövlətçilik tariximizdə yeganə şəxsiyyəti – xalqımızın böyük oğlu Heydər Əliyevi Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəldib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə gəlməklə milli inkişaf platformasını gerçəkləşdirməyə müvəffəq olub. Bu da öz növbəsində Azərbaycanı dövlət müstəqilliyinə hazırlamaq idi. Komitə sədri deyib ki, yaşadığımız bu firavan günlərin, neçə-neçə aydın səhərlərin, əbədi və dönməz müstəqilliyin təməli məhz o illərdə qoyulub.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov qeyd edib ki, 1969-cu il iyulun 14-dən ölkəmizi nurlu sabahlara aparan Heydər Əliyev yolu başlayıb. Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyərək tanınıb, inkişaf edib, azad və müstəqil olub. Ümummilli Liderin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan sanki yenidən doğulub. Bu mənada ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr – 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə düşüb.
Bildirilib ki, dahi rəhbər Heydər Əliyev iki bir-birinə zidd olan quruluşda – sosializm və kapitalizmdə Azərbaycanı məharətlə idarə etməyi bacarıb. Müqayisə aparsaq, görərik ki, Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi ilə iqtisadiyyatın artım tempinə görə o vaxt SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxan Azərbaycan məhz bu gün dünyada ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkə kimi tanınır. Ən önəmlisi də odur ki, bu inkişaf, bu yüksəliş istər o dövrdə, istərsə də sonrakı illərdə və indi də həyatımızın bütün sahələrində özünü göstərməkdədir.
"Heydər Əliyev zirvəsi" mövzusunda məruzə ilə çıxış edən komitənin kadrlar şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Bağır Əzimov qeyd edib ki, Azərbaycan deyəndə göz önündə əzəmətli, əlçatmaz bir zirvə – Heydər Əliyev zirvəsi ucalır. Bu zirvə dünyanın hər yerindən görünür. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ucalığıdır, əzəmətidir, vüqarıdır.
Tədbirə yekun vuran komitə sədri bir daha vurğulayıb ki, illər ötdükcə ulu öndər Heydər Əliyevin böyüklüyü daha dərindən dərk edilir. Ümummilli Liderimizin zəngin irsinə dərin ehtiram, siyasi xəttinə dönməz sədaqət daha uğurlu nəticələrə, işıqlı gələcəyə yol açır.
Sonda tədbir iştirakçıları "Ulu torpaq, Ulu Öndər" adlı filmə baxıblar.
AzərTAc