"Onlar tutuquşuluq etməklə vəzifələrini bitmiş hesab edirlər"
"Çox təəssüf ki, müasir beynəlxalq aləmdə belə siyasətçilər az deyil. Onlar elə düşünürlər ki, nə desələr, hamı qəbul etməli və itaət etməlidir. Amma hələ də başa düşmürlər ki, belə məsuliyyətsiz və səviyyəsiz fikirlərlə dünyanı indiki vəziyyətə onlar salıblar". Bunu SİA-ya Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov İsveçin xarici işlər naziri Karl Bildtin Vaşinqtonda Antlantik Şurada Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.PA rəsmisinin sözlərinə görə, bu gün dünyanın müxtəlif ölkələrində baş verən mənfi proseslər, münaqişələr, qeyri-sabitlik və gərginliklər belə siyasətçilərin fikirlərinin və fəaliyyətinin nəticəsidir: "Çünki, onlar dünyada gedən proseslərin mahiyyətini anlamaqdan uzaqdırlar. Onlar tutuquşu kimi əzbərlədikləri bir neçə ifadə və sözü təzyiq vasitəsi kimi istifadə edərək təkrar etməklə vəzifələrini bitmiş hesab edirlər.Karl Bildt də belələrindəndir. O da Füle kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqına girməsini əsaslandırılmış addım hesab edir. Amma özünə sual vermir, bəs niyə bu ölkəni Qonşuluqdan sonra, Şərq Tərəfdaşlığında 3-cü sırada yerləşdirmişdi?Azərbaycanla bağlı isə Karl Bildtin belə ifadə işlətməsinin bir yox, bir neçə səbəbi ola bilər. Birincisi qeyd edək ki, o bu sözləri Vaşinqtonda işlədib. Yəqin ki, bu da təsadüfi deyil. Çünki onun hələ 1973-cü ildən Vaşinqtonda müəyyən qurumlarla sıx əlaqəsi, hətta informatorluq etməsi haqqında məlumatları Wikileaks-ın materiallarına girmək imkanı olan "Ekspressen" qəzeti bir-neçə il əvvəl yaymışdı. Qəzet yazırdı: "Bildtin İsveç qanunlarına zidd olaraq Amerika Administrasiyası ilə əməkdaşlıq etməsini ifşa edən gizli sənəd var".İkincisi, Karl Bildt bir neçə il əvvəl Bakıda olanda da görüşü zamanı özünü mentor kimi aparmağa cəhd göstərsə də, tez cavabını alıb, yerinə oturduldu. Ona izah edildi ki, onun Azərbaycanda gedən proseslərə yanaşması, yumşaq sözlə desək primitiv və həqiqətdən uzaqdır.Üçüncüsü, Karl Bildt özündən çox razı olduğu üçün, iddialıdır. Canfəşanlıq edirdi ki, Avropa Komissiyasında yüksək post tutsun. Deyəsən, bu da alınmır. İddialı siyasətçilərə isə belə şeylər güclü təsir göstərir. Yəqin stress keçirir.Nəhayət, Karl Bildt bilməlidir ki, bu gün beynəlxalq aləmdə ən mühüm dəyər ədalətdir. Ədalət olmasa, digər universal dəyərlərin heç birinin mənası yoxdur. Dünyada hər şey ədalət prinsipi pozulanda, qərəzli olanda baş verir. Çexiyanın xarici işlər naziri cənab Şvartsenberq (onun da adı Karldır) də, bir müddət əvvəl Azərbaycanla bağlı qərəzli, əsaslandırılmamış mövqe bildirməkdən çəkinmirdi. Lakin çox çəkmədi ki, Şvartsenberq, belə bəyanat və fikirlərinə görə, postunu itirdi.Karl Bildtin də bənzər situasiyaya düşəcəyini istisna etmək olmaz".
sia.az