PDF Oxu

Siyasət

  • 42

Azərbaycanda geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb

Azərbaycanda geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb

İlham Əliyev:"... Yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təmin olunması baxımından gücünü və potensialını səfərbər etməsi prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak etdiyindən onlar ölkədə demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük nailiyyətlər əldə edir. Ölkəmizin zəngin irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Təbii ki, respublikamızda həyata keçirilən dövlət-gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin edib.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasəti uğurla nəticələnir. Əgər 10 il əvvəl strateji, texniki məsələlər diqqətdə saxlanılıb müzakirə edilirdisə, bu gün artıq inkişaf mərhələsini yaşayırıq. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Azərbaycan gəncləri nailiyyətlər əldə edib. Dövlət dəstəyi olmasaydı, bu uğurlar qazanılmazdı. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxsahəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Azərbaycan gənclərinin dünya gəncləri sırasında, gənclər təşkilatlarının arasında rolu və nüfuzu yüksəkdir. Bu inkişafdan danışarkən dövtəl proqramlarını xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sərəncamları gənclərə olan dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Şübhəsiz ki, heç bir dövlətdə gənclərlə bağlı bu qədər dövlət proqramları qəbul olunmur.

Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.

İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamı kimi qiymətləndirilir. Sərəncamın əsasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin müxtəlif sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi dayanır ki, artıq bu Dövlət Proqramı nəticəsini verir. Belə ki, cəmiyyətdə yüksək intellektə malik olan, geniş dünyagörüşlü və innovasiyalara maraq göstərən gənclər nəsli formalaşıb. İstedadlı gənclər aşkar edilir, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün respublikada mövcud şərait yaradılıb. Gənclərin sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi məqsədi ilə ardıcıl olaraq tədbirlər həyata keçirilir. Sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə köməklik göstərilir. Dövlət-gənclər siyasətindən irəli gələrək, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlər təşkil olunur, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına, gənclər üzrə təşkilatların formalaşması və inkişafına diqqət yetirilir. Bu da bir faktdır ki, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına köməklik göstərilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamlar bəsləyir: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclərdə də inkişaf prosesi sürətlə gedir, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar. Gənclik gələcəyin özü, ümidlər və sağlam düşüncə deməkdir.

Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc onların qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkmək olar. Bir sıra müsabiqələrdə, yarışlarda Azərbaycan gənclərinin Avropa məkanını fəth etməsi, birincilik qazanaraq Azərbaycan bayrağını dalğalandırması Azərbaycan gəncliyinin sağlam düşüncəsinin məntiqidir. Bu, Azərbaycan gənclərinə yaradılan şəraitdir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.

NƏZAKƏT

Digər xəbərlər