PDF Oxu

Siyasət

  • 37

Diabetli vətəndaşlar üçün xüsusi yay düşərgəsi təşkil edilib

Diabetli vətəndaşlar üçün xüsusi yay düşərgəsi təşkil edilib

Layihə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" çərçivəsində reallaşıb

Müasir dövrümüzdə bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyinə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam etməkdədir. Şəkərli diabet xroniki xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Məlumat üçün bildirək ki, Azərbaycanda rəsmi statistikaya əsasən, qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 137400 nəfərdir. Bu xəstəliyin tarixi qədim olsa da yayılma faizi bugünkü qədər olmamışdır. Qeyd edək ki, şəkərli diabet xəstəliyinin tarixi eramızdan əvvələ təsadüf olunur. Hazırda dünyada 250 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Çox böyük sürətlə inkişaf edən xəstəliyin qarşısı alınmazsa, 2025-ci ildə bu xəstəliyə yoluxanların sayı 386 milyona yüksələcək və 2190-cı ildə bütün dünyada yaşayan insanlar şəkərli diabetə düçar olacaqlar. Şəkərli diabet genetik xəstəlik olsa da o vaxtında aşkarlanarsa, müalicəsi effektli olar.

Müasir dövrümüzdə bu xəstəliyə düçar olan insanlara dövlət tərəfindən xüsusi qayğı və diqqət var. Hazırda bu xəstəlikdən əziyyət çəkən hər bir vətəndaş dövlət tərəfindən inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri və s. ilə pulsuz olaraq təmin edilirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" əsasında isə bu xəstəliklə bağlı daha geniş tədbirlər reallaşır. Belə ki, Tədbirlər Proqramına görə, profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.

Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası, şəkərli diabetin fəsadlarının profilaktikası məqsədi ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsi genişləndirilir. Xəstələr insulin və digər şəkərsalıcı dərman preparatları, özünənəzarət vasitələri ilə davamlı təmin edilir. Görülən işlərin davamı olaraq şəkərli diabetə düçar olmuş uşaq və gənclər üçün yay düşərgələri də təşkil olunur.

Məlum Dövlət Proqramı çərçivəsində hər il olduğu kimi bu il 30 nəfər diabetli vətəndaşlar üçün xüsusi yay düşərgəsi təşkil edilib. Səhiyyə Nazirliyinin və Gənclər İdman və Turizm Nazirliyinin dəstəyi ilə diabeti olan 14-17 yaş həddində olan uşaqlar üçün Lənkəranda "Palıdlı Sahil" istirahət zonasında xüsusi yay düşərgəsi təşkil edilmişdir. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən yay düşərgəsi zamanı 30 nəfər Respublika Endokrinoloji Mərkəzin tibb əməkdaşları tərəfindən nəzarət altında istirahətlə yanaşı təlim olunurlar. Uşaqlara bu günlərdə maraqlı gün rejimi tərtib olunub. Onlar müsabiqələrdə, idman oyunlarında iştirak edirlər.

NƏZAKƏT

Digər xəbərlər