PDF Oxu

Siyasət

  • 61

Səbail rayon İH-də jurnalistlərlə görüş keçirilib

Səbail rayon İH-də jurnalistlərlə görüş keçirilib

Dünən Səbail rayon icra hakimiyyətində Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Mətbuat Şurası, KİVDF-nin və 60-dan çox TV, qəzet və elektron-informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ənənəvi görüş keçirilib. Görüşdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rayon və icra hakimiyyəti başçısının müavinləri iştirak edib.

Bayram tədbirində çıxış edən Səbail rayon icra başçısı Asif Əsgərov mətbuat nümayəndələrini salamlayaraq bildirib ki, bu il artıq 139 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Onun sözlərinə görə, Azərbaycan mətbuatı mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib: "Ümümmilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Onun davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".

KİV-lərlə icra hakimiyyəti arasında sıx əlaqələrdən danışan A. Əsgərov əlavə edib ki, 2012-ci ildə KİVDF ilə birgə "Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı" mövzusunda tədbir və "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilib, müsabiqədə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub. Tədbirin davamında Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov kütləvi informasiya vasitələri nümayəndələrinin işi, qəzet və elektron informasiya vasitələrinin bu cəmiyyətdəki rolu, dövlət tərəfindəni onlara göstərilən qayğı barədə məlumat verib, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Eyni zamanda, tədbirdə Səbail rayon icra hakimiyyəti və KİVDF ilə birgə yeni fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi qərara alınıb.

Jurnalistlərdən Atif Eyvazov, Nahid Canbaxışlı, Elməddin Muradlı, Səbinə Əliqızı, Şəmşad Ağa və başqaları onları maraqlandıran suallar verib, tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə 60-dan çox KİV nümayəndəsinə Səbail rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

R.KAMALQIZI

Digər xəbərlər