"Bu gün 22 iyul Azərbaycan Milli Mətbuatı günüdür. Əsr yarım bundan əvvəl görkəmli Azərbaycan maarifçisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə başlayan mətbuat tariximizin şanlı səhifələri vardır. Daima cəmiyyətlə bir addımlayan mətbuatımız həmişə onun güzgüsü ola bilib. SİA-nın məlumatına görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, tariximizi və inkişafımızı haqlı olaraq mətbuatımızla öyrənmək mümkündür: "Elə bir problem yoxdur ki, qələm sahibləri ona münasibət bildirməsinlər. Dəfələrlə hansısa problemə və onun vacibliyinə, məhz mətbuatımız diqqəti yönəldə bilib. İnsanlar məhz mətbuat vasitəsi ilə kimlərisə tanıyıb, onun fəaliyyətinə qiymət veriblər".A. Mirzəzadə qeyd edib ki, bu gün ziyalılığın vacib kriteriyalarından biri də mətbuatla münasibətdir: "Qələmlə işləmək, fikirlərini məharətlə çatdırmaq ziyalılara verilən tələblərdən birinə çevrilib. Azərbaycan mətbuatı bu gün yüksək operativliyə, məzmun dərinliyinə, həqiqəti axtaran, etimadı doğruldan yüksək imicə malikdir. Burada çox dəyərli və zəhmətkeş insanlar çalışır. Ölkəmizdə jurnalist, mətbuat işçisi imici çox yüksəkdir. Mətbuat işçilərini, dəyərli jurnalist dostlarımı milli mətbuat günü münasibəti ilə təbrik edir, onlara yeni-yeni uğurlar arzu edir, onlarla qürur duyduğumuzu bildirmək istəyirəm".
sia.az