Mehriban xanım Əliyeva: "Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir"
"Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Biz müstəqilliyimizi bərpa etdikdən sonra Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və qısa bir zamanda idmançılarımız böyük nailiyyətlər əldə etmişlər. Oyundan-oyuna qazanılan medalların sayı artır. Son Yay Olimpiya Oyunlarında Azərbaycan atletləri on medal qazanmışlar və Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar. Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox Olimpiya Mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır". Bu fikirləri iyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində təşkil olunmuş "Bakı Avropa Oyunları-2015"-in təntənəli təqdimat mərasimində deyib.
Mehriban xanım Əliyeva bildirib ki, Avropa Oyunları Avropanın idman tarixində yeni səhifə açacaq və əlbəttə, ilk oyunlar gələcək yanaşmaların standartlarının səviyyəsini təmin edəcəkdir. Baxmayaraq ki, hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir.
2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu isə 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Göründüyü kimi, I Avropa Oyunlarının bu qədər zəngin və yüksək maraq çərçivəsində təşkil edilməsi xarici idmançıların və bu sahədə peşəkarlığı ilə fərqlənən ekspertlərin də rəyinə görə, bir daha Azərbaycanın güclü idman ölkəsi kimi qəbul edilməsinə dəlalət edir. Təbiidir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Bu bir faktdır ki, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb. Sözsüz ki, Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, sözügedən I Avropa Oyunları da keçiriləcək.
Məlumat üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib. Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurudur.
Əlbəttə ki, bu tarixi qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki, Azərbaycan cəmi 23 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır.
Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o zaman rəy sorğuları nəticəsində müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini dəstəkləyir. Bununla yanaşı, şəhər infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb olub. Yəni ölkəmiz bu hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edib. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək.
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Xatırladaq ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü il yanvarın 17-də Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır.
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülüb. Artıq I Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib.
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılır. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq. Bundan başqa, idman yarışlarının baş tutacağı məkanların bəziləri tam istifadəyə verilib, digərlərində isə işlər yekunlaşmaq üzrədir.
Oyunların keçiriləcəyi müddətdə - 2015-ci ilin iyun, iyul aylarında Bakıya gələcək qonaqların - idmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel komplekslərindən də istifadə olunacaq. Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika və yeməkxana yaradılır. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır.
Həmçinin, atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda, atlet kəndində yerləşəcək bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s. yaradılır.
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Bununla yanışı, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi üzrə Ziya Bünyadov prospektinin yenidən qurulub. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisi həyata keçirilir. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı istismara hazırdır.
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması da yüksək səviyyədə həyata keçiriləcək. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər həyata keçirilir.
Paytaxtda videomüşahidə vasitəsi istismara verilir, o cümlədən, "Üztanıma" funksiyasına malik kameralar alınır. Bundan əlavə, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınıb, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub. Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlər quraşdırılır, piyada naryadlar üçün planşet kompyuterlər, radiostansiyalar və metal axtaran detektorlar alınır.
Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığı artırılır, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdirilir. Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaq.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub.
Sonda qeyd edək ki, 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kubertenin səyləri nəticəsində Olimpiya hərəkatı bərpa olunub. O vaxtdan etibarən Olimpiya idealları, Olimpiya hərəkatının fəlsəfəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpülər qurur, sülh, əmin-amanlıq və dostluq yaradır. Məhz Mehriban xanım Əliyevanın sözlərilə desək, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək.
"Səs" Analitik Qrupu