Dünən Qaradağ rayon icra hakimiyyətində 22 İyul Milli Mətbuat Günü münasibətilə ənənəvi tədbir-görüş keçirilib. Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin müavini Təranə İsmayılova çıxış edərək bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi, şərəfli yolda onlara uğurlar arzuladı. T.İsmayılova Azərbaycan Milli Mətbuatının artıq 139 illik yol keçdiyini və bu yolun böyük və şərəfli olduğunu, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu vurğuladı: "Bu gün Milli Mətbuat Günüdür. Hələ 139 il əvvəl, əsası 1875-ci il iyulun 22-də böyük ziyalı, ictimai xadim və ədib Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan milli mətbuatı cəmiyyətin inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçmiş və müasir səviyyəyə çatmışdır".
T.İsmayılova onu da qeyd etdi ki, milli mətbuatımız 139 ilə yaxın bir zaman məsafəsi keçərək formalaşmışdır: "Azərbaycan mətbuatının sürətli inkişafı isə respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxarmışdır. Hazırda hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanda 4500-ə yaxın müxtəlif kütləvi informasiya vasitəsi - qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alınmışdır. Son 10 ildə Ulu Öndər Heydər Əliyev siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə bütün imkanların yaradılmasının tərəfdarıdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda 240-dan çox mətbuat nəşr olunur ki, onların da 40-ı gündəlik, 200-ü isə həftəlik və aylıq nəşr olunur. Bütün bunlarla yanaşı, xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır. Ötən il iyulun 22-də isə jurnalistlər üçün inşa edilmiş yeni binanın istifadəyə verilməsi, 156 nəfər mətbuat və televiziya işçisi öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı qazanması, həmin gün növbəti binanın da əsasının qoyulması ölkə başçısının Azərbaycan jurnalistlərinin sosial problemlərinin həllinə, kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir".
Tədbirin sonunda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə Qaradağ rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
RƏFİQƏ KAMALQIZI