Rayon təşkilatlarının sədrləri bələdiyyə seçkilərinə ciddi hazırlaşdıqlarını vurğulayırlar
Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) bu ilin dekabr ayında Azərbaycanda keçiriləcək növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Artıq seçkilərlə bağlı partiyanın rayon və şəhər təşkilatlarının iştirakı ilə geniş müşavirə də keçirlib. Hazırlıqla bağlı təşkilat sədrləri də vurğulayıblar ki, YAP fəalları tərtib olunmuş fəaliyyət proqramına uyğun olaraq müəyyən hazırlıq işləri görürlər. Bununla bağlı qəzetimizə açıqlama verən rayon təşkilatlarının sədrləri bildiriblər ki, partiyanın bu seçkilərdə də qələbəsi şəksizdir.
Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:
- Bildiyimiz kimi, YAP xeyli müddət əvvəl bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz proqramını ümumi şəkildə açıqlayıb. Qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, növbəti bələdiyyə seçkilərində də YAP qələbə qazansın, ənənəsinə uyğun olaraq yerli özünüidarə orqanlarında hakim partiya nümayəndələrinin yüksək təmsilçiliyini təmin edə bilsin. İnanırıq ki, biz buna nail ola biləcəyik. YAP-ın belə bir qələbə qazanması üçün kifayət qədər əsaslar var.
Bu gün ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında xüsusilə bölgələrdə, aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşdırılması, regionların simasının dəyişməsi, infrastruktur sahəsində həyata keçirilən böyük dəyişiklər insanların həyatında, məişətində müsbət dəyişikliklər yaradıb. Əlbəttə ki, bütün bunların hamısı yerli özünüidarə orqanlarına seçkilərdə YAP-ın istinad edə biləcəyi böyük resursdur və biz inanırıq ki, məhz bu resursun sayəsində, Cənab Prezident İlham Əliyevin gördüyü işlərin təbliği sayəsində YAP növbəti bələdiyyə seçkilərində uğur qazanacaq. Yerli idarə orqanlarında YAP-ın təmsilçiləri geniş miqyasda təmsil olunma imkanları əldə edəcəklər. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən müşavirədə də bu amil xüsusilə vurğulandı. Əlbəttə ki, partiyamızı təmsil edən namizədlər də öz uğurlu platformaları ilə ölkənin inkişafına öz töhfələrini verəcəklər. Söz yox ki, YAP Sabunçu rayon təşkilatı da öz növbəsində bələdiyyə seçkilərinə qələbə əzmi ilə gedir.
Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü:
- Bütün seçkilərdə olduğu kimi, Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ciddi şəkildə və səylə hazırlaşır. Hesab etmək olar ki, cari 2014-cü il də Azərbaycanda siyasi fəallıq baxımından seçkilər ili sayılmalıdır. Məhz bu il baş tutacaq bələdiyyə seçkiləri də sözügedən faktorun tərkib hissəsidir. Artıq partiyamızın rayon və şəhər təşkilatlarının iştirakı ilə bələdiyyə seçkiləri ilə bağlı geniş tərkibli müşavirədə də keçirilmişdir. Müşavirədə partiya rəhbərliyi tərəfindən müəyyən təlimatlar və tapşırıqlar verilib. Ona görə də artıq bələdiyyə seçkilərinə hazırlıq işləri gücləndirilib. Müəyyən proqramlar var və düşünürəm ki, bu ilin dekabrında keçiriləcək seçkilərdə də ciddi uğurlar əldə edəcəyik.
Qaradağ rayon təşkilatı da öz növbəsində fəaliyyətini davam etdirməkdədir. Bu məqsədlə rayon təşkilatında verilmiş tövsiyələrə əsasən işlər aparılır. Partiya rəhbərliyinin vurğuladığı kimi, bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər. Onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək. Əminliklə vurğulamaq istərdim ki, bu seçki ili də ötən seçki illərində olduğu kimi zəfər ili qismində qələbə tariximizə yazılacaq.
RƏFİQƏ KAMALQIZI