Elşad Mirbəşiroğlu: "Ermənilərlə danışıqların müsbət nəticəyə gətirib çıxaracağı inandırıcı görünmür"
Kəlbəcərdə ermənilər tərəfindən iki kəlbəcərlinin girov götürülməsi və onların taleyi ilə bağlı Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi cəmiyyətdə də ciddi narahatlıq yaradıb. Girovlarla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə edilən müraciətlərin bu günə qədər cavabsız qalması isə bəzi suallar ortaya çıxarır.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Elşad Mirbəşiroğlunun fikrincə, sözügedən hadisə Komitə üçün maraqlı deyil və ya Ermənistan yenə də beynəlxalq qanunları pozaraq sözügedən qurumun ölkədəki fəaliyyətinə imkan vermir: "Hər halda ehtimallar çox olsa da, nəticə ortadadır. Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanda girov saxlanılan kəlbəcərlilərin aqibəti ilə maraqlana və onlarla görüşə bilmir. Bununla da ermənilər növbəti dəfə özlərinin hansı xiffət sahibi olduqlarını göstərirlər. İlk öncə onu demək istəyirəm ki, həmin yer bizim öz ərazilərimizdir. Yəni Azərbaycanın ərazilərində soydaşlarımızın əsir götürülməsi bir daha onu göstərdi ki, ermənilərlə hər hansı bir sivil dildə danışmaq mümkün deyil. Çünki, onlar bu dili başa düşmürlər. Digər tərəfdən də beynəlxalq hüquq normaları, xüsusi olaraq əsirlərlə davranış qaydaları var. Bu davranış qaydalarını tənzimləyən beynəlxalq hüquq normaları var. Təbii ki, bütün beynəlxalq hüquq normalarına dırnaqarası yanaşdıqları kimi, bu əsirlərlə bağlı normalara da ermənilər böyük hörmətsizlik nümayiş etdirirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onlarla görüşməyə imkan verməməsi onu göstərir ki, ermənilər beynəlxalq qurumlara və beynəlxalq hüquq normalarına biganə yanaşırlar. Yəni ermənilər üçün beynəlxalq hüququn hər hansı bir əhəmiyyəti yoxdur".
"Beynəlxalq qurumun separatçılarla danışıqlara başlaması hansı nəticəni verə bilər" sualını cavablandıran politoloqun sözlərinə görə, Ermənistan tərəfinin azacıq düşünmə qabiliyyətinə malik olsa, o zaman dərk edər ki, analoji münasibəti sabah Azərbaycan tərəfi də nümayiş etdirə bilər: "Yəni Azərbaycan tərəfinə ermənilərin könüllü şəkildə keçməsi dəfələrlə baş verib. Ancaq, biz erməni vətəndaşlarını əsir götürməmişik, onlar könüllü şəkildə Ermənistandakı ağır, böhranlı vəziyyətdən, çətinlikdən bezərək Azərbaycan tərəfinə keçiblər. Amma, Azərbaycan hər zaman onlarla beynəlxalq hüquq normalarına uyğun şəkildə davranıb. Onlarla görüşlərə də imkan verib. Separatçılarla danışıqların konkret olaraq hansı nəticə verəcəyinə gəlincə, bunu zaman göstərəcəkdir. Amma, bu gün reallıq ondan ibarətdir ki, ermənilərin indiyə kimi nümayiş etdirdiyi mövqe deməyə əsas verir ki, onlarla danışıqlar hər hansı bir konstruktiv nəticəyə gətirib çıxarmır. Çünki, o subyektlərlə danışıqlar nəticə verə bilir ki, birincisi onlar beynəlxalq hüquq normalarına ümumiyyətlə, müəyyən insani prinsiplərə hörmətlə yanaşsınlar. Bu baxımdan, ermənilərlə danışıqların hər hansı bir müsbət nəticəyə gətirib çıxaracağı inandırıcı görünmür. Amma, bildiyiniz kimi bu məsələni Prezident İlham Əliyev nəzarətinə götürüb. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin iradəsi olduğu yerdə mütləq arzuladığımız nəticə də olacaqdır".
sia.az