PDF Oxu

Siyasət

  • 51

Suraxanı rayonunda 2014-cü ilin birinci yarısının yekunları müzakirə olunub

Suraxanı rayonunda 2014-cü ilin birinci yarısının yekunları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı rayon icra hakimiyyəti başçısı yanında şura iclasında müzakirə olunub. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyev Parkında ucaldılan abidəsini ziyarət edərək, önünə tər güllər qoyublar.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən yığıncaqda məruzə ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2014-cü il ölkəmizdə "Sənaye ili" elan edilib. Suraxanı rayonunun sosial-iqtisadi inkişafına daim diqqət və qayğı göstərən Prezident Cənab İlham Əliyev iyulun 16-da yeni sənaye müəssisəsinin - Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib: "Dövlət başçısına məlumat verilib ki, 6 hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılmış, gələcəkdə burada daha 4 min panelin quraşdırılması nəzərdə tutulmuş və bu panellər gündə 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır".

İ.Abbasov "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 51, ümumərazi inkişafı üzrə 3 tədbir nəzərdə tutulduğunu qeyd edərək, onlardan 17-sinin icrasına başlanıldığını, bunun isə başlanılan tədbirlər proqramın 31,5 faizini təşkil etdiyini bidirib: "Bu dövr ərzində yeni su borusu çəkilmiş, yeni su sayğacı quraşdırılmış, görülmüş tədbirlər nəticəsində abonentlər fasiləsiz su ilə təmin edilmişdir. Rayonun elektrik enerjisi şəbəkəsində 3 Qaz təchizatının yaxşılaşdırılaraq, qaz xətləri çəkilmiş, "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış, 1170 ədəd mexaniki qaz sayğacı yeni "Smart-kart" tipli elektron qaz sayğacı ilə əvəzlənmişdir".

Əmircan və Hövsan qəsəbələrində qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulduğunu bildirən İ.Abbasov Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev, Hövsan qəsəbəsi, Dənizkanarı və Zığ qəsəbələri, İdris Süleymanov küçələrində yerləşən yaşayış və qeyri-yaşayış fasadlarının yenidən qurulması ilə bağlı layihələrin hazırlandığını diqqətə çatdırıb.

Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 100 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində növbəti kredit yarmarkasının keçirildiyini vurğulayan RİH başçısı, 5 sahibkarlıq subyektinə 335 min manat güzəştli şərtlərlə kredit verildiyini bildirib. Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, neftlə çirklənmiş torpaqlarda sahəsi 2,3 ha olan müxtəlif ölçülü gölməçələr qurudulmuş, 18 quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, rayon ərazisində iməciliklər keçirilərək 8 min ağac, o cümlədən mədən ərazilərində 3 min ağac və kol əkilmişdir. Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən, rayonda bir çox ictimai-siyasi tədbir keçirilmişdir.

Məruzəçi iyun ayında RİH-in və Səhiyyə Nazirliyinin Bakı şəhər Dezinfeksiya Stansiyasının Suraxanı Regional Bölməsinin birgə təşkilatçılığı ilə rayonun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yataqxana və binalarda, konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə gəmiricilərə, həşəratlara qarşı birdəfəlik kütləvi dezinfeksiya işləri aparıldığını diqqətə çatdırmışdır.

Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və başqaları çıxış ediblər.

Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirib ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində imkanlar səfərbər olunacaqdır.

Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş, RİH-in şöbə müdiri Etibar Yolçiyevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.

ZÜMRÜD

Digər xəbərlər