Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında görüşlərini davam etdirir. Belə görüşlərin biri də rayonun Hişkədərə ərazi ilk partiya təşkilatında olub. Hişkədərə ərazi ilk partiya təşkilatının sədri Qumra Cəfərova təşkilatın fəaliyyəti barədə hesabat verərək bildirib ki, partiya fəalları ilə dialoqların aparılması təqdirəlayiq haldır. Q.Cəfərova Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həmçinin Onun qadınlarımıza xüsusi diqqət və qayğısından söhbət açaraq qeyd edib ki, Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmaq böyük qürur və iftixardır: "Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunanların fəaliyyətinin ana xəttini Ümummilli Lider Heydər Əliyevin ideyaları təşkil edir. Bu ciddi vəzifənin məsuliyyətini lazımınca qiymətləndirməyi bacarmalı, Ulu Öndərin ideya və tövsiyələrinə uyğun çalışmalıyıq".
Tədbirdə YAP Masallı rayon təşkilatının baş təlimatçısı Cəlal Əliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, dövlətçiliyimizdə tutduğu mühüm mövqedən, partiyanın yarandığı gündən qələbələr partiyası olduğunu və bundan sonra da qələbələr partiyası olacağını bildirib. C.Əliyev bütün seçkilərdə olduğu kimi qarşıdan gələn bələdiyyə seçkilərində də hişkədərəlilərin yüksək seçki fəallığı nümayiş etdirəcəklərinə inandığını, YAP-ın budəfəki bələdiyyə seçkilərində də qələbə qazanacağını və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva çıxışına 2006-cı ildə Azərbaycanda "Gender bərabərliyi haqqında" qanun layihəsinin qəbul olunmasını xatırladaraq bildirib ki, bütün bunlar dövlət başçımızın qadınlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: "Göstərilən diqqətin nəticəsidir ki, bu gün xanımlarımız cəmiyyət quruculuğunun müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Onlar sülh şəraitində yaşayırlar və bu firavan həyatı onlara kimin bəxş etdiyinin fərqindədirlər".
YAP fəallarından Rahilə Əhədova, Xanımağa İmanova, İradə Ağayeva, Firəngiz Xəlilova, Könül Şükürova və başqaları çıxış edərək, Ulu Öndərin Azərbaycan tarixində silinməz izlər qoyduğunu və bu uğurlu siyasətin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlarını diqqətə çatdıraraq bildiriblər ki, məhz bunun nəticəsidir ki, bu gün ölkəmizin bölgələrinin siması gözəlliyi ilə tanınmaz dərəcədə dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan gələcəkdə də bu istiqamətdə mühüm uğurlar qazanacaqdır.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına daxil olmaq üçün bir qrup gənclər və qadınlar ilk təşkilata ərizə ilə müraciət ediblər.
ÜLVİ