"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli mövqe və ölkəmizin hərbi gücünün açıq-aşkar üstünlüyü erməniləri panikaya salır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Brüsseldə sərsəm fikir səsləndirməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, bu gün Ermənistanda olan mövcud hakimiyyət ermənilərin özləri tərəfindən də dəstəklənmir: "Hətta işğalçı ölkə ənənəvi erməni diasporasının da dəstəyini itirib. Təbii ki, belə olan təqdirdə ən yaxşı üsul kimi onlar Azərbaycanı şantaj etməyi üstün tuturlar. Əlbəttə, bütün bunlar heç bir effekt verməyəcək. Bu gün Ermənistanın bütün iqtisadi layihələrdən təcrid olunması və hərbi baxımdan Azərbaycanın üstünlüyü daima erməniləri gərginlik içərisində saxlayır. İşğalçı ölkə çalışır ki, beynəlxalq ictimaiyyətə daima yalan informasiya ötürsün. Amma buna baxmayaraq, Azərbaycanın informasiya təbliğat maşını bütün gücü ilə fəaliyyət göstərir. Azərbaycan ordusu günü-gündən inkişaf edir. Hesab edirəm ki, ermənilərin bu şantaj vasitəsi nə daxili auditoriyada, nə də beynəlxalq müstəvidə heç bir effektiv vasitə rolunu oynamır".Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayacağı təqdirdə Gürcüstan variantınının olub-olmamasına da toxunan Hikmət Babaoğlu qeyd etdi ki, Azərbaycan tərəfi də dəfələrlə bildirib ki, ölkəmiz istənilən vasitə ilə öz torpaqlarını düşməndən azad edəcək: "Prezident İlham Əliyev öz sözlərində bildirib ki, bu qərarın vaxt, zaman və beynəlxalq münasibətlərdəki tarazlıq çox dəqiq nəzərə alınmaqla qəbul ediləcəyinə, Azərbaycanın qələbəsini təmin edəcəyinə əmindir.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə sərhəddəki gərginliyin bilavasitə rəsmi Bakı tərəfindən yaradıldığı ilə bağlı sərsəm fikir səsləndirib.
sia.az