Birləşmiş Millətlərin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Ümumdünya İrs Mərkəzinin rəsmi nəşri olan "World Heritage" jurnalının cari ilin iyun buraxılışında Şəki şəhərinin tarixinə həsr olunmuş məqalə çap olunub. Məqalədə Şəki şəhərinin qədim tarixi, zəngin maddi və mədəni irs nümunələri, regionda mövcud olan turizm infrastrukturu haqqında geniş məlumat verilmiş, YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısında yer alan Şəki Xan Sarayı, eləcə də Kiş məbədinin tarixi arayışları yerləşdirilib.
Məlumat üçün qeyd edək ki, ildə 4 dəfə ingilis, fransız və ispan dillərində nəşr edilən dərginin hər buraxılışı təxminən 10 min nüsxədə çap edilir və Ümumdünya İrs Mərkəzinin üzvləri, YUNESKO-nun milli komissiyaları, ayrı-ayrı ölkələrin mədəniyyət və turizm nazirlikləri, ixtisaslaşmış turizm sərgiləri və fərdi abunəçiləri arasında yayılır. Nəşrin elektron versiyası isə Ümumdünya İrs Mərkəzinin elektron xidmətlərindən istifadə edən 90 min ziyarətçiyə göndərilir və hər ay 600 minə yaxın ziyarətçinin izlədyi Ümumdünya İrs Mərkəzinin elektron ünvanında yerləşdirilir. Böyük Britaniya və Şimali İrlandiya Krallığının "PFD" şirkəti (Publications for Development) bu dərginin istehsalı və reklamın təşkili üzrə YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin rəsmi tərəfdaşıdır.
Qeyd etmək istəydik ki, jurnalın iyun buraxılışı 15-25 iyun 2014-cü il tarixdə Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilmiş YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin 38-ci illik sessiyası üçün xüsusi olaraq nəşr edilib.
NƏZAKƏT