PDF Oxu

Siyasət

  • 40

Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının reallıqları

Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının reallıqları

Prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncamını təkcə bu qəbildən olan insanlar yox, bütün ölkə ictimaiyyəti yüksək dəyərləndirir

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının əsas xarakterik xüsusiyyətlərindən biri də həyata keçirilən siyasətin müsbət nəticələri hər bir vətəndaşın həyatında öz əksini tapması, insanların rifah halının günü-gündən yaxşılaşmasıdır. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm parametrlərdəndir.

Qaçqın və məcburi köçkünlərin böyük himayədarı

Əldə edilən bu uğurlar Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə, Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olmasına baxmayaraq, bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. O da həqiqətdir ki, işğal faktı nəticəsində qaçqın və məcburi köçkünə çevrilən insanların üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində atılan ilk addımlar bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndər müxtəlif ölkələrin dövlət başcıları, rəsmi şəxsləri ilə keçirilən çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında mütləq qaçqın və məcburi köçkünlər məsələsinə toxunurdu, bunu ölkədə bir nömrəli problem adlandırırdı.Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də daim xüsusi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşərdi ki, hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən Cənab İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyan etmişdi. Ölkə başçısının bu vədi vaxtından bir il əvvəl yerinə yetirildi və çox acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərin çadır həyatına son qoyuldu, onlar müasir standartlara uyğun, tam infrastruktura malik yeni qəsəbələrə köçürüldülər. Belə qəsəbələrin açılışında Prezident İlham Əliyevin iştirakı isə qaçqın və məcburi köçkünlərə nə dərəcədə yüksək səviyyədə qayğı göstərildiyinin daha bir real sübutudur. Yaradılan şəraitlə dövlət başçısının bilavasitə yerində tanışlığı, məcburi köçkünlərin evində qonaq olması, onlarla birbaşa təması həm də Azərbaycan Prezidentinin bu insanlara xüsusi diqqətinin real göstəricisidir.

Yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil

Əlbəttə, yurd nisgilinə son qoyulduqdan sonra da bu insanlar hər zamankı kimi dövlətlərinin onların arxasında olacağına tam əmindirlər. İşğal altındakı ərazilər azad olunduqdan sonra bu yerlərdə dövlətin yardımı ilə daha təmtəraqlı, yüksək şəraiti olan evlərin inşa olunacağını da yaxşı bilirlər. Cari il fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirakı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də komplesk addımlar atılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır. 2007-ci ildə həmin Sərəncama əlavələr edilib və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata keçirilib. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində son 10 ildə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min mənzil, 100 minlərlə kilometr su, elektrik, qaz xətti, yollar çəkilib. 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülüb, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Bu mənada, cari il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı "Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncam təkcə məcburi köçkünlər yox, bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı.

İnsanların mənzil hüququ bərpa ediləcək

Dövlətimizin başçısının yeni Sərəncamının daha bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan yüzlərlə insanın huququnun təmin edilməsi ilə bağlıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilən yeni əlavələrə müvafiq olaraq 2012-2014-cü illər ərzində Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış 5445 nəfərdən ibarət 1210 məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binaları tikiləcək və həmin ailələrin bu binalara köçürülməsi təmin olunacaq. Bu da 1210 insanın mənzil hüququnun təmin olunması deməkdir.2011-2014-cü illərdə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən ibarət 186 ailə) üçün Göygöl və Goranboy rayonları ərazilərində qəsəbələrin salınması və həmin ailələrin bu qəsəbələrə köçürülməsi reallaşacaq.Bütün bunlar təbii olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət şəraitini daha da yaxşılaşdıracaq, onların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verəcək. Bu, həm də Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğısının növbəti bariz təzahürüdür. Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləyən və Onun ətrafında sıx birləşən qaçqın və məcburi köçkünlər yurd həsrətinə son qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər