"Ayrı-ayrı dövlətlər Fələstində yaşayan insanları deyil, əksinə öz mənafelərini düşününcə, boşboğaz dövlət başçıları sərt bəyanatlar verib Fələstinə konkret yardım göstərməyincə insan ölümləri və axıdılan qanlar da davam edəcək". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, reallıq ondan ibarətdir ki, artıq Fələstin problemi region dövlətlərinin əlində öz siyasi maraqlarını ifadə etmək üçün vasitəyə çevrilib: "Bu gün Fələstində İsrailə qarşı mübarizə aparan və İsrailin əlinə dinc əhalini qırmaq üçün bəhanə verən qrupların arxasında ayrı-ayrı dövlətlərin dayandığı heç kimə sirr deyil. Təsəvvür edin ki, bu gün müasir hər hansı bir texnikaya malik olmayan "Həmas" və "Hizbullah"ın döyüşçüləri, əldə düzəldilmiş raketlərlə guya İsraili raket atəşinə tuturlar. Amma təbii ki, bu raketlər hədəfə çatmır. Çünki orada müdafiə sistemi mövcuddur. Təbii ki, həmin döyüşçülər və onların arxasında dayanan qüvvələr çox yaxşı bilirlər ki, bu raketlərin İsrailə zərər yetirməsi mümkün deyil. Amma yenə də bu proses davam edir. Belə olan təqdirdə isə ortalığa bir mənzərə çıxır. Əslində bu münaqişənin davam etdirilməsində maraqlı olan qüvvələr həmin prosesi stimullaşdırırlar və onlar Fələstində daha çox insanın qanının tökülməsini arzulayırlar. Eləcə də bu, onların daxili siyasətini, maraqlarını ifadə etmək üçün ölkənin gündəmini ölkənin problemləri ilə deyil, Fələstin gündəmi ilə zəbt etmək üçün əlavə bəhanələr verir. Bunu biz bir çox ölkələrdə – qardaş Türkiyə və qonşu İranda da görürük. Hesab edirəm ki, bu dövlətlər sərt bəyanatlar vermək əvəzinə öz ölkələrinin gündəmini (xüsusilə də seçki öncəsi gündəmini) Fələstin məsələsi ilə doldurmaq əvəzinə münaqişənin sülh yolu ilə həlli üçün əllərindən gələni etməli və tərəfləri danışıq masası arxasında oturtmalıdırlar. Artıq Fələstin dövlətinin yaradılması istiqamətində real addımların atılmasının vaxtı çatıb. Təbii ki, bununla bağlı qəbul olunmuş qətnamələr var. Bu qətnamələrin həlli yolları göründüyü kimi heç də əldəqayırma raket başlıqlarından keçmir, əksinə danışıqlar prosesindən keçir".
sia.az