PDF Oxu

Siyasət

  • 53

Elman Nəsirli: ““Barıt çəlləyi” hər an partlaya bilər”

Elman Nəsirli: ““Barıt çəlləyi” hər an partlaya bilər”

""Barıt çəlləyi"ni xatırladan Yaxın Şərqdə vəziyyət hər zaman gərgin olub. Ancaq İsrailin Fələstinə qarşı apardığı son hərbi əməliyyatlar və Qəzzanın bombalanması zamanı çoxlu sayda insan itkilərinin olması bu regionu yenidən dünyanın gündəminə gətirdi". Bu fikirləri SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyib.Politoloq hesab edir ki, İsrailin Qəzza bölgəsini bombalanması sülhə olan ümidləri tamamilə puça çıxarıb: "Belə ümidlər yaranmışdı ki, İordan çayının qərb sahilində Mahmud Abbas hakimiyyəti ilə Qəzza bölgəsindəki "Həmas" hakimiyyəti arasında ortaq məxrəcə gəlmək mümkün olacaq və bundan sonra ümumərəb konteksində birliyə nail olunacaq. Eyni zamanda BMT-nin təzyiqləri nəticəsində bu uzunmüddətli münaqişənin həllində müəyyən irəliləyişə nail olunacaq. Təəssüflə qeyd etmək lazımdır ki, məhz İordan çayının qərb sahilində Mahmud Abbasın hakimiyyəti ilə Qəzza bölgəsindəki hakimiyyət ortaq məxrəcə gələ bilmədi. O cümlədən Qəzza ilə İsrail arasında heç bir müsbət irəliləyiş hasil olmadı. Hesab edirəm ki, İsrailin İordan çayının qərb sahilində tikinti işlərini davam etdirməsi və bu məsələdə ABŞ-ın İsraili müdafiə etməsi, kəskin mövqe ortaya qoymaması İsraildə arxayınçılıq hislərinin yarmasına gətirib çıxartdı. Bu məsələdə beynəlxalq birliyini müşahidəçi statusunda qalması da regionu yenidən fəlakətə düçar etdi".E.Nəsirli hesab edir ki, bu məsələdə BMT Təhlükəsizlik Şurasının da üzərinə böyük məsuliyyət düşür: "Təəsüflə qeyd etməliyəm ki, bu qurum təcili tədbirlər görə bilmir. Yəni baş verən hadisələrlə bağlı konkret, əməli addımlar atmır, ən yaxşı halda atəşkəs rejiminin olması ilə bağlı çağırışlar edir. Yəni kəskin mövqe yoxdur. Bu prosesin qarşısını almaq üçün beynəlxalq birlik çox ciddi əməli addımlara imza atmalıdır. Əks təqdirdə belə bir təsəvvür yaranır ki, istənilən halda güclü tərəf daha zəif tərəfin qarşısında əzələ nümayiş etdirə bilər".Politoloq qeyd edib ki, bu məsələdə Ərəb Dövlətləri Liqasının da mövqeyi lazımı qədər cəsarətli deyil: "Ərəb dövlətləri bu məsələ ilə bağlı vahid mövqedən çıxış edə bilmirlər. Yəni, ərəb dünyasının İsrail-Fələstin münaqişəsində yetkin mövqeyi yoxdur. Bütün bunlarda indiki mürəkkəb və arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxarıb. Hesab edirəm ki, bu məsələdə beynəlxalq birlik öz sözünü deməlidir. Əks təqdirdə "barıt çəlləyi"ni xatırladan Yaxın Şərq bölgəsində hər an partlayış baş verə bilər. Hesab edirəm ki, bu partlayışın əlamətləri hiss edilməkdədir".

sia.az

Digər xəbərlər