PDF Oxu

Siyasət

  • 49

Leyla Yunus ifşa olundu

Leyla Yunus ifşa olundu

Prokurorluq və MTN-nin yaydığı bəyanat tamamilə əsaslıdır və tam faktlara söykənir

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbs olunması təkcə cinayətkarın cəzalanması ilə bitmədi, həm də müxalifətin ələyindən düşənləri bir daha saf-çürük etmiş oldu. İstər "Yeni Müsavat", istərsə də "Azadlıq" qəzetləri L.Yunusu müdafiə edəcək heç bir materialla çıxış etmir. Əksinə müxalifət funksionerləri QHT fəaliyyəti yolunda ən böyük maneənin artıq olmadığını düşünürlər.

Sözün həqiqi mənasında da belə idi ki, L.Yunusun təqdimatı olmadan müxalifətçilərin erməni lobbi təşkilatlarından, eləcə də təxribatçı qurumlardan qrant almaları olduqca müşkül məsələ idi. Onun həbsi isə, bir növ çoxlarının kartını açmış oldu. Ancaq onlar faktiki olaraq ermənilərə işlədiklərinə görə həbs olunan L.Yunusun başına gələnlərdən nəticə çıxarmaq fikrində deyillər. L.Yunusun "mənim arxamda Fransa dövləti dayanıb" deməsi əslində bu şəxsin həbs olunma ehtimalını daha da artırmış oldu. Çünki o, dolayısı ilə işlədiyi cinayətləri, xarici dövlətlərin casusu olduğunu təsdiq etmiş oldu. Belə olmasa idi, Fransa bunun arxasında necə ola bilərdi? Amma qanun qanundur, arxanda kimin olduğundan asılı olmayaraq qanun qarşısında dayanmaqdan qaçmaq mümkün deyil.

L.Yunusa qarşı irəli sürülən maddələri sübut etmək üçün heç geniş araşdırmalara da ehtiyac yoxdur. Əvvəla, bu şəxsin özü xaricdən qrant aldığını etiraf edir. Digər tərəfdən,ortada faktlar, sənədlər var. L.Yunusun Fransa səfirinin maşınında hava limanına gedərkən saxlanması onun cinayətə meyilli olduğunu göstərdi. Məsələn, bu "qadın" polisin papağını çıxarıb yerə atdı, daha sonra şər-böhtan yağdırmağa başladı, məmurların ailələrini təhqir elədi. Ən əsası, səfirin maşınında hava limanına gəlməsini belə izah etdi ki, həqiqətən də ölkədən qaçmaq istəyirmiş. Bəs nə üçün? Həqiqətən də cinayətkar deyilsənsə, bəs niyə qaçırsan?

Leyla Yunusun həbsi ilə bağlı rəsmi açıqlama

Baş Prokurorluq və MTN-nin L.Yunus haqqında yaydığı açıqlama bu cinayətkarın nə üçün həbs olunmasına rəsmən aydınlıq gətirdi.

Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan Sülh və Demokratiya İnstitutu adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən "Jurnalist Araşdırmaları" qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.

Bundan başqa, Yunusova Leyla İslam qızı hüquqi qeydiyyatı olmayan Sülh və Demokratiya İnstitutu adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 1996-cı il 27 mart tarixdə alınmış "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının 2002-ci il 21 noyabr tarixdə "Unibank" Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526 min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Eyni zamanda, Leyla Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, "OSİ Asistence Foundation" təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının "Unibank" Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88 min 910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 min 468 ABŞ dollarlıq hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78 min 130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 2014-cü il aprelin 24-də hesablarından çıxarıb əri Arif Yunusov ilə əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal həmin pul vəsaitini Çexiya Respublikasının "Sberbank CZ" kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.

Göstərilən xüsusatlar üzrə dindirilmələri üçün Leyla və Arif Yunusovlar dəfələrlə istintaqa dəvət olunmalarına baxmayaraq, müxtəlif bəhanələrlə, heç bir üzürlü səbəb olmadan çağırışa gəlməkdən yayındıqlarından 2014-cü il 25 iyul tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən istintaq orqanına məcburi gətirilmələrinə dair qərarlar qəbul edilib.

Leyla Yunusovanın Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci, 213.2.2-ci, 320.1-ci və 320.2-ci, Arif Yunusovun isə həmin məcəllənin 274-cü və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 2014-cü il 30 iyul tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, Leyla Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Arif Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslər Leyla Yunusova və Arif Yunusovun cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş hüquqi yardım almaq, müdafiə və sair hüquqları təmin edilib, onların hüquqları özlərinin dəvət etdiyi vəkillər tərəfindən müdafiə olunmaqla istintaq hərəkətlərinin icrası və prosessual məcburiyyət tədbirlərinin tətbiqi zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməyib.

Müxalifət mediası yazır ki, L.Yunusun həbsi guya Azərbaycanın imicinə zərbədir. Əvvəla, L.Yunus cinayətkardır, cinayətkar isə cəzasını almalıdır, kimin xoşuna gəlir gəlsin, gəlmirsə gəlməsin. Xarici havadarlarının ürəyincə olmayan bu həbs Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunması, milli maraqlarımızın müdafiəsi üçün vacibdir. Hər kəs əmin olsun ki, Fransa, ABŞ, Rusiya, Türkiyə başqa ölkəyə casusluq edən vətəndaşını həbs edirsə, biz qətiyyən müdaxilə etmərik, heç vaxt da etməmişik. Digər tərəfdən, Azərbaycanın imici hansısa xəyanətkarın, casusun həbsi ilə zərbə alacaq qədər zəif deyil. Heç olmasa, bu imici qısqanmaq lazım deyil.

S.Feyruzov

Digər xəbərlər