Dövlətə xəyanət maddəsi ilə həbs olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu cəmiyyətin bütün təbəqələri qınamaqda davam edir. İnsanlar inanırlar ki, dövlət maraqlarımızı satan, düşmən ölkəyə casusluq edən L.Yunusun çirkin əməllərinə obyektiv hüquqi qiymət veriləcək və cəzalandırılacaq.
Fərəc Quliyev: "Leyla Yunus qanun qarşısında cavab verməlidir"
Yunusa qarşı irəli sürülən ittihamların həqiqəti əks etdirdiyini düşünən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev "SƏS" qəzetinə açıqlamasında bildirib ki, kimliyindən və xidmətlərindən asılı olmayaraq Azərbaycanın milli maraqlarını tapdalayan, milli mənafeyimizin əleyhinə fəaliyyət gösətərən istənilən şəxs cəzasını almalıdır. Baş Prokurorluq və MTN tərəfindən Leyla Yunusa qarşı irəli sürülən ittihamların doğru olduğunu düşünürəm. L.Yunusun ermənilərlə əlaqəsinə "xalq diplomatiyası" donunu geyindirmək istəyənlər var. Amma hər hansı bir QHT xalqın adından danışa, hansısa məxfi razılaşmalara gedə və düşmənlərimizlə bu və ya digər formada əlaqələr qura bilməz. Xalqımız düşmənlərimizlə də danışmaq üçün mandatı bir şəxsə-dövlət başçısına verib. İndi müxtəlif adlar altında düşmənlərimizlə əlaqələr qurmaq bizim milli mənafeyimizə tamamilə ziddir. L.Yunus və bunun kimilər ermənilərlə elə əlaqələr qururlar ki, bu, düşmənlərimizi ruhlandırır. Bir daha deyirəm ki, kimliyindən asılı olmayaraq milli maraqlarımıza, dövlətçiliyimizə ziddi addım atan istənilən şəxs cəzasını almalıdır. L.Yunus da həmçinin, qanun qarşısında cavab verməlidir.
Millət vəkili Mirkazım Kazımov hüquq-mühafizə orqanları tərəfindən Leyla Yunusun əməllərinə obyektiv qiymətin verildiyinə əminliyini ifadə edib: "Azərbaycanın dövlətçilik maraqlarına xidmət etmək, onu qorumaq, xalqına, millətinə, milli mənafeyinə vicdanla xidmət etmək hər birimizin borcudur. Yox, əgər kimsə milli maraqlarımıza zərbə vurursa, düşmən mövqeyinə xidmət göstərirsə, həmin şəxs qanun qarşısında dayanmalıdır".
Leyla Yunusun əməllərinə hüquq-mühafizə orqanları öz qiymətini verəcək. Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib, istintaq gedir. İstintaq hər şeyi ortaya çıxaracaq, kimin nə deməsindən asılı olmayaraq tam obyektiv şəkildə qanun nəyi tələb edirsə, o da olacaq.
S.Feyruzov