Dünən Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin və milli kitabxana rəhbərlərinin iştirakı ilə 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov dilimizin tarixi inkişaf mərhələlərinə nəzər saldı. O, tariximizin qızıl səhifələrini yazmış Ümummilli Liderimiz Heyder Əliyevin Azərbaycan dilinin inkişafı uğrunda göstərdiyi xidmətlərini, məhz Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində hələ sovet dövründə Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirildiyini qeyd etdi: "Ulu Öndərin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində hələ sovet dövründə - 1978-ci ildə qəbul olunan respublika Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə əlavə edilib. Bu, həm də Ümummilli Liderin öz ana dilini dərindən bilmək, onun bütün sirlərinə, gözəlliklərinə bələd olmaq, onlardan məharətlə, yerli-yerində istifadə edə bilmək qabiliyyətindən qaynaqlanıb".
K.Tahirov Azərbaycan müstəqillik qazandıqdan sonra Ümummilli Liderin səyi nəticəsində Azərbaycan dilinə ana dili statusu verildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ümummilli Liderin 9 avqust 2001-ci il tarixli Fərmani ilə avqustun 1-i ölkəmizdə "Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü" kimi qeyd olunur. 2002-ci il 30 sentyabr tarixində isə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addımdır: "Təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olub".
Tədbirin sonunda bu əlamətdar gün münasibətilə "1 Avqust - Azərbaycan Dili və Əlifbası Günüdür" adlı geniş kitab sərgisi iştirakçıların marağına səbəb oldu. Sərgidə 100-ə yaxın kitab və dövrü mətbuat materialları əks olunub. Sərgi bir həftə davam edəcəkdir.
NƏZAKƏT