"Qarabağ məsələsi hər zaman mənim üçün həssasdır, yalnız ona görə yox ki, doğulduğum kənd işğal altındadır, həm də ona görə ki, ölkəmizin ərazi bütövlüyü milli məsələdir". SİA-nın xəbərinə görə, bunu iqtisadçı ekspert Vüqar Bayramlı deyib.O bildirib ki, təmsil olunduğu müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunda Qarabağ ermənilərinin birlik forumlarında təmsil olunması məsələsi hər zaman müxtəlif dairələr tərəfindən süni və qərəzli şəkildə gündəmə gətirilib: "Qitənin qərarverici dairələrində kimlərin münasibətinin necə olmasından asılı olmayaraq, mən Avropa Birliyindəki ən yüksək səviyyəli forumdakı imkanlarımdan faydalanaraq qondurma Qarabağ Respublikasının nəinki hər hansı yüksək səviyyəli tədbirlərə, hətta ən adi görüşlərə qatılmasına imkan verməmişəm. Cəbhə xəttində baş verən son gərginlikdən sonra qlobal arenaya çıxış imkanı olan hər birimizin fəal olması və ölkənin maraqlarını müdafiə etməsi çox vacibdir".Vüqar Bayramlı həmçinin qeyd edib ki, cəbhə xəttində baş verən gərginlikdən sonra erməni lobbisi yenidən fəallaşaraq avropalılara Rusiyanın onları sıxdığını, Moskvaya isə regional münaqişənin səbəbkarının sanki onlar olmadığını təlqin etməyə çalışır: "Ən ciddi məsələlərdən biri də məhz erməni rəsmillərinin son hadisələrdən daxili siyasi alət kimi istifadə etməsidir. Ermənistan hakimiyyəti təmas xəttində son günlər müşahidə edilən gərginlikdən daha çox daxili iqtisadi-sosial problemləri xalqa unutdurmaq və yumşaq desək, erməni əhalisinin diqqətini daxili çətinliklərdən Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Artıq bir neçə gündür istər erməni mediası, istərsə də düşmən ölkə nümayəndələrinin də üzv olduğu qlobal email qruplarda daha çox son günlər baş verən gərginlik müzakirə edilməklə yanaşı, ermənilər bu qarşıdurmalarda da Bakını günahkar çıxarmağa çalışırlar. Halbuki Azərbaycan torpaqlarını işğal edən, həmçinin son günlər təmas xəttində atəşkəsi pozan da, məhz Ermənistandır"."Belə görünür ki, Ermənistan hakimiyyəti hələ bir müddət də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Aydındır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi İrəvan ölkə gündəliyini, məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarici borcu artıq 6 milyard dollara çatıb və bu da Ümumi Daxili Məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkədə ÜDM-də artım 3.5 faiz olduğu halda, xarici borc 5 faizdən çox artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir"- deyə, ekspert məsələ ilə bağlı fikirlərinə əlavə edib.Eskpert onu da əlavə edib ki, Ermənistanda digər ciddi problemlərdən biri də yoxsulluq həddidir: "Hesablamalara görə təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23.4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən, bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərdən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 15.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərici 36 faizə yaxın göstərilir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda da özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakimiyyəti ölkəni heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda, rəsmi İrəvan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır".
sia.az