PDF Oxu

Siyasət

  • 47

Azərbaycan ordusu müharibəyə hazırdır

Azərbaycan ordusu müharibəyə hazırdır

Əli Əhmədov: "Yəqin ki, Azərbaycan xalqının səbri tükənəcək və Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə, əmrinə əsasən bütün Azərbaycan xalqı öz torpağını qorumaq üçün ayağa qalxacaq"

Məlum olduğu kimi, bir neçə gündür ki, erməni kəşfiyyat-təxribat qrupu müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara bir neçə dəfə basqın edib. Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində basqınların qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində təxribatlar törətməklə, eyni zamanda, silahsız vətəndaşlarımızı belə güllələməkdən çəkinmirlər. Erməni kəşfiyyat-təxribat qrupunun hücumunun qarşısı alınarkən Azərbaycan ordusunun hərbi qulluqçuları da şəhid olublar. Bununla bağlı olaraq, Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış, iyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhə xəttində erməni hərbi birləşmələrinin hücumlarının dəf edərkən şəhid olmuş Hüseyn Etibar oğlu Abdinovun dəfn mərasimi olub. H.Abdinov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, eləcə də, Milli Məclisin deputatları, Sumqayıt şəhər icra hakimiyyətinin rəhbərliyi, şəhər ictimaiyyəti və şəhidin hərbçi yoldaşları iştirak ediblər. Əli Əhmədov şəhidin ailəsini ziyarət edib, onun valiydeynlərinə, qohumlarına başsağlığı verib. Xalqımızın belə qəhrəman oğulları ilə qürur duyduğunu deyən Baş nazirin müavini torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın qanının yerdə qalmayacağını vurğulayıb. Şəhidlər Xiyabanında dəfn mərasimində şəhid H.Abdinovun ruhuna dualar oxunub, məzarı üzərinə gül-çiçək, əklillər qoyulub.

Dəfn mərasimindən sonra mətbuata açıqlama verən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, son hadisələr bir daha onu göstərdi ki, Ermənistan bölgədə sülh, əmin-amanlıq üçün ən böyük təhlükədir. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub: "Bununla belə, xalqımız bu yolda şəhid verməyə və bu müqəddəslik zirvəsinə yüksəlməyə hazır olduğunu dəfələrlə bəyan edib. Sərhədlərimizdə keşik çəkən, Azərbaycanın ərazilərini qoruyan gənclərimiz göstərdikləri şücaətlə buna hazır olduqlarını da ifadə ediblər".

O, əlavə edib ki, Azərbaycanın istəyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın və qan tökülməsin: "Biz istəmirik ki, torpaqlarımızın geri qaytarılması bu faciələr üzərində olsun. Amma son hadisələr göstərir ki, ermənilər heç də buna hazır deyillər və dərk etmirlər. Yəqin ki, Azərbaycan xalqının səbri tükənəcək və Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə, əmrinə əsasən bütün Azərbaycan xalqı öz torpağını qorumaq üçün ayağa qalxacaq. Ermənilərin Azərbaycana müqavimət göstərməyə gücü qalmayıb".

Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan təkcə iqtisadiyyatına görə Ermənistandan 10 dəfə güclüdür və əhalisinin sayına görə 3-4 dəfə üstündür: "Təbii ki, bu parametrlərə görə Ermənistanın Azərbaycana müqavimət göstərmək və yaxud ölkəmizin gücü qarşısında tab gətirmək imkanları yoxdur. Azərbaycan həmişə sülhsevər millət, xalq və dövlət olduğunu göstərib və bu gün də göstərir. Biz şəhid verməyimizə baxmayaraq, əlavə qanların tökülməsinin tərəfdarı deyilik. Amma o şərtlə ki, ermənilər bunu başa düşsünlər və torpaqların geri qaytarılmasının zərurliyini anlasınlar. Görünür ki, onların havadarları da bölgədə gərginliyin saxlanılmasında maraqlıdırlar".

Ə.Əhmədovun sözlərinə görə, Ermənistan terrorçu rejim olan Dağlıq Qarabağda yaranmış rejimi dəstəkləməklə bütün dünyada terrorçuluğun tərəfində dayandığını bildirib: "Bununla da Ermənistan hakimiyyəti bütövlükdə dünya üçün başağrısına, bəlaya çevrilib. Güman edirəm ki, bütün dünya icitmaiyyəti dünyada, Avropada, Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin möhkəm əsaslar üzərində dayanması naminə Ermənistana öz təpkisini göstərəcək. Azərbaycan dövləti, xalqı, ordusu isə həmişə ermənilərə, onların törətdikləri bütün təxribatlara layiqli cavab vermək qüdrətində, imkanındadır. Baxmayaraq ki, atəşkəs rejimi mövcuddur, biz əslində müharibə şəratindəyik. Şəhidlərimiz bundan əvvəl də olub. Güman edirəm ki, şəhidlərimizin ölümü ilə bağlı matəm elan olunması da müzakirə predmeti ola bilər. Təbii ki, buna hökumətimiz tərəfindən müvafiq reaksiya verilə bilər. Biz matəm elan etmək haqqında yox, düşmənə layiqli cavab vermək barədə düşünməliyik. Hesab edirəm ki, bizi düşündürən birinci məsələ elə bu olmalıdır".

Göründüyü kimi, artıq Ermənistanın siyasi rəhbərliyi də, ictimaiyyəti də, onu himayə edən qüvvələr də Azərbaycandakı siyasi iradəni və güclü ordunu gördü. Məhz bu məqamda bir daha Azərbaycanda ordu quruculuğu prosesinə nəzər salmaq gündəmə çevrilir. Qeyd edək ki, Azərbaycan 3,8 milyard dollar illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin, Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizi 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addımdır.

İstənilən ölkə üçün döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb edir. Bu səbəbdən də, Azərbaycan güclü silahlı qüvvələrə malik olmaq üçün ölkənin iqtisadi qüdrətinin artması ilə paralel şəkildə hərbi xərclərini də artırıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 3,8 milyard dollardır.Ümumiyyətlə, Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və bu gün hərbi büdcəmiz Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötüb.

Azərbaycanın hərbi xərclərində ən böyük artım 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3,3 milyard dollara çatdırılıb. Müqayisə üçün qeyd olunmalıdır ki, həmin il üçün Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən 10 dəfə aşağı idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər daxil olmadan təxminən 60 faiz.

Azərbaycanın öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən başlıca səbəblərdən biri də silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrisdə yeni metodikanı tətbiq etmək zərurəti olub. Ölkə hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edib. Bu zaman Hərbi-Hava Qüvvələrinin, quru qoşunlarının, sərhəd qoşunlarının, Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyaclar əsas götürülüb. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırıb. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir.

BMT-nin Adi Silahların Qeydiyyatında və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi-Hava Qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belarusdan onlarla dördüncü nəsil modernləşdirilmiş MiQ-29 "Fulcrum" döyüş təyyarələri alıb, habelə Pakistan istehsalı olan 20-dən çox JF-17 təyyarələrinin alınması üçün sifariş vermişdi. Həmçinin ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belarusdan 100-dən artıq Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirib. Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla "Orbiter", "Aerostar", "Seacher", "Hermes-450", "Heron" tipli pilotsuz kəşfiyyat təyyarələri alınıb. Nəticədə Azərbaycan regionda ən güclü Hərbi-Hava Qüvvələrinə malik olan ölkəyə çevrilib. Həmçinin "Orbiter" və "Aerostar" pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılıb. İsraildən pilotuz təyyarələrin və digər hərbi texnikanın alınmasına dair əməkdaşlıq indi də davam etməkdədir.

Hava döyüş və kəşfiyyat vasitələri ilə yanaşı Azərbaycan böyük miqdarda zirehli döyüş texnikası, o cümlədən tanklar, piyadaların döyüş maşınları, reaktiv artelleriya sistemləri, o cümlədən hədəfi dəqiq vura bilən sistemlər, uzaqvuran artelleriya qurğuları, hava hücumuna qarşı güclü müdafiə sistemləri, o cümlədən Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 "Favorit" zenit-raket kompleksləri alıb. Bundan əlavə, İsrail istehsalı olan "Barak-8" zenit-raket komplekslərinin və "Green Pine" radarlarının alınması da ölkənin hava hücumundan etibarlı müdafiəsini təmin etməyə imkan verib. Hərbi ekspertlərə görə, Azərbaycan indi güclü hərbi-hava qüvvələrinə malik olmaqla yanaşı hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb. Eyni zamanda Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Müdafiə Sənayesi Nazirliyi xarici tərəfdaşlarla birlikdə "Matador" və "Marauder" adlı zirehli transportyorları istehsal edərək onların Müdafiə Nazirliyinin sərəncamına verilməsini həyata keçirməkdədir. Yerli hərbi sənayenin istehsalı olan 14,5 millimetrlik "İstiqlal" snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir. Beynəlxalq hərbi ekspertlər də Azərbaycan silahlı qüvvələrinin öz göstəricilərinə və malik olduğu döyüş texnikasına görə regionda ən güclü olduğunu təsdiq edirlər. Böyük Britaniyadakı Beynəlxalq Sülh Araşdırmaları İnstitunun hesabatlarında Azərbaycan silahlı qüvvələrinin göstəriciləri əsasında aparılmış müqayisəli təhlildə də bu barədə bildirilir.

Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Məhz Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir. Ona görə də, bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ordusu hər an müharibəyə və torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər