PDF Oxu

Siyasət

  • 50

Regional layihələr uğurla həyata keçirilir

Regional layihələr uğurla həyata keçirilir

İlham Əliyev: "Bu gün qarşıda duran ən mühüm strateji məqsəd Azərbaycanı dünyanın ən inkişaf etmiş və rəqabətədavamlı ölkələri səviyyəsinə yüksəltməkdir"

Son illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası həm də əhalinin işgüzar fəallığının artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilmiş vəzifələr hazırda uğurla icra olunur. Belə ki, cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1 faiz, qeyri-neft sektorunun real artım tempi 7 faiz, inflyasiya 1,6 faiz təşkil etmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3 faizə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.

Cari ilin 6 ayı ərzində 65 min yeni iş yeri açılmışdır

Sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, 6 ay ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, bu gün ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində işlər davam etdirilir. Qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2600-dən çox sahibkara 129 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 27,4 faiz artmışdır ki, onların da 98 faizi kiçik kreditlərin payına düşür.

Verilmiş kreditlərin 84 faizi regionlarda kənd təsərrüfatının, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisələri artıq istifadəyə verilmişdir və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da regionların inkişafı məsələsi önə çəkilmişdir. İclasda dövlət başçısı demişdir: "Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. Regionlarda demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək".

Üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafında mühüm rol oynayır

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı bütün bölgələrin hərtərəfli və tarazlı inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

İyulun 22-də Prezident İlham Əliyevin Xızı rayonuna səfəri Azərbaycanda regionların inkişafına xüsusi önəm verilməsinin bir daha bariz ifadəsidir. Dövlət başçısı rayonda Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində bildirilmişdir ki, başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı su təsərrüfatı obyektidir.

"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su-Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahələrini suvarma suyu ilə təmin etməklə, onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaratmışdır. Prezident İlham Əliyevin tapşırığına əsasən hazırda həmin layihənin icrası davam etdirilir.

Regionların inkişafı

ölkəmizin

modernləşməsinə və

tərəqqisinə xidmət edir

Nəticə etibarilə, ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir ki, növbəti ücüncü Dövlət Proqramında bu günə həll edilməmiş bütün məsələlərin öz əksini tapacağını deyib: "Birinci və İkinci dövlət proqramları artıqlaması ilə yerinə yetirilib. İndi üçüncü Dövlət Proqramının qəbulu gözlənilir. Əminəm ki, bu günə qədər görə bilmədiyimiz işləri biz növbəti 5 il ərzində görəcəyik və beləliklə, regionlar qarşısında duran bütün vəzifələr icra ediləcəkdir".

Göründüyü kimi, bütün bu həyata keçirilən dövlət proqramlarının uğuru nəticəsində bölgələrin siması dəyişir, regionlardan paytaxta miqrasiyanın qarşısı alınır. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin bölgələrə səfərlərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirməsinə dair, belə ki, bu günlərdə Şəki şəhərinin avtomobili yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncama əsasən Azərbaycan respublikasının 2014-cü il dövlət büdcəsindən vəsaitlərin ayrılması da məhz əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Çünki bölgələrə səfərləri zamanı Prezident İlham Əliyevin əhali tərəfindən böyük sevinclə qarşılanması verdiyi hər bir vədinin konkret əməli işdə təsdiqini tapması, ən başlıcası isə xalq-iqtidar birliyinin möhkəmliyi ilə bağlıdır. "İqtisadi islahatların əsasında xalqın sosial müdafiəsinin gücləndirilməsi dayanır" deyən dövlət başçısı qeyd edir ki, iqtisadi uğurlar yalnız rəqəmlərdə deyil, gündəlik həyatda öz əksini tapmalıdır. Regionların simasının dəyişməsi, bölgələrdən paytaxta miqrasiyanın qarşısının alınması da deyilənlərə əyani sübutdur.

R.HÜSEYNOVA

Digər xəbərlər